BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İsrailin regiondakı genişlənmə siyasətinin Türkiyə üçün "böyük risk" yaratdığını və Netanyahunun yeni hədəf axtarışında olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, Hakan Fidan İsrailin 7 oktyabrdan sonra başlatdığı hərbi əməliyyatların təhlükəsizlik deyil, "torpaq genişləndirmə" məqsədi daşıdığını bildirib. Nazir vurğulayıb ki, Qəzza, İordan çayının qərb sahili və Livandan sonra İsrailin Suriyadakı planları Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdid formalaşdırır.
Hakan Fidanın sözlərinə görə, Benyamin Netanyahu və komandası ideoloji perspektivlə hərəkət edərək, regionda "düşmənsiz yaşaya bilməyən" bir sistem qurublar. "İran mövzusundan sonra Netanyahunun Türkiyəni yeni düşmən elan etmək axtarışında olduğunu görürük," – deyən Fidan, Türkiyənin bu təhdidlərə qarşı bütün lazımi önləmləri aldığını qeyd edib. O, həmçinin İsrailin Suriyanın cənubundakı Süveyda bölgəsindən istifadə etmək arzusunda olduğunu və bu addımların regiondakı fay xətlərini daha da həssas hala gətirdiyini diqqətə çatdırıb.