AZ

Hələb ermənisinin VAHİD cəbhə xülyası – Əgər çin olsa...

Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana qarşı sərt və düşmən mövqeyi ilə tanınan sabiq xarici işlər naziri müxalif qüvvələrə çağırış edib. Hələb doğumlu Vardan Oskanyan bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

O, Ermənistanda son illərdə baş verən hadisələr fonunda cəmiyyətdə yorğunluq, məyusluq və narazılıq hissinin artdığını iddia edib. Onun sözlərinə görə, bu vəziyyət son 8 ildə yaşanan itkilər və uğursuzluqlarla bağlıdır.
Oskanyan deyib ki, artıq bir sıra müxalif bloklar formalaşıb və onların parlamentdə çoxluq əldə etmək potensialı var. O, müxalifətin məqsədinin yalnız hakimiyyətin sadə çoxluq qazanmasının qarşısını almaqla kifayətlənməməli olduğunu vurğulayıb. Sabiq nazir açıq şəkildə hakim partiyanın parlamentə belə düşməməsi hədəfini irəli sürüb və seçkilərin “mövcud kursun tam dəyişdirilməsi” üçün fürsət yaratdığını qeyd edib.
Onun iddiasına görə, müxalifət və seçicilər koordinasiyalı şəkildə hərəkət edərsə və vahid cəbhədə birləşərsə, nəticə təkcə hakimiyyət dəyişikliyi deyil, həm də köklü siyasi transformasiya ola bilər. Müxalifətin vahid cəbhədə birləşməsini Rusiya da istəyir. Çünki müxalifətin əsas hissəsini Rusiya yönlü radikal-revanşist qüvvələr təşkil edir.
Bəs Paşinyana qarşı birləşmiş cəbhə yaratmaq mümkün olacaqmı?

Samir

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli müxalifətin birləşməsini gözləmir. O, bunu partiyalar və siyasi qüvvələr arasında həmrəyliyin olmaması ilə əlaqələndirir. VHP funksionerinin fikrincə, müxalifət parlamentdə 25-30 faiz yer ala bilər: "Bu da ayrı-ayrı partiyaların nəticələri olacaq. Məncə, Mülki Müqavilə partiyası növbəti dəfə qalib gələcək və yerlərin 55-60 faizinə sahiblənəcək. Çünki müxalifət deyilən qüvvələr ermənilərə müharibə əhvalı aşılayır. Xalq isə növbəti fəlakət istəmir. Heç bir erməni ölmək arzusunda deyil və reallığı, gücümüzü dərk edir. Üstəlik, biz neft məhsulları göndəririk, taxıl daşınır, bölgədə müharibə, qan yoxdur, vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı səfərlər edir... Belə desək, əgər bu dinc dövr əldə olunubsa, davamlı olması da mümkündürsə, ermənilər niyə revanş təbliğatı aparanlara seçkilərdə səs verməlidir? Fakt budur ki, Köçəryan və ya Karapetyan Rusiya bağlantısı olan qüvvələrdir. Bu adamlara xalq güvənmir. Çünki Moskvanın diktəsi ilə hərəkət edəcəklər və Ermənistanı odun içinə atacaqlar. Cəmiyyətdən ciddi dəstək almadığına görə də müxalifətdə birlik yoxdur".

S. Əsədli qeyd edib ki, Serj Sərkisyanın partiyası seçkiləri boykot edib, Robert Köçəryanın baş nazirliyə namizədliyi irəli sürülüb, yəni təklikdə mübarizə aparır, Samvel Karapetyanın komandası da ayrılıqda seçki kampaniyası aparır və onun namizədliyi də təsdiq olunmayacaq, qalır Daşnaksütyun Partiyası, o da təklikdə seçkiyə gedir: "Ona görə də müxalifətin vahid blok şəklində seçkilərdə iştirakı real görünmür. Oskanyana gəlincə, bu adam siyasi dələduz və əbləh adamdır. Onun danışmağa heç bir mənəvi haqqı yoxdur. Bu nalayiq adam gecə-gündüz Avropada, ABŞ-da qapıları gəzir ki, Qarabağ mövzusunda görüşlər keçirsin. Ancaq ona ciddi yanaşan yoxdur. Odur ki, müxalifətin birləşmə arzusu da gözündə qalacaq".

Emil Salamoğlu
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr