AZ

ABŞ ordusu İranın blokadasına başlayır - Tramp müharibə əmri verdi, Avropa yenə kənara çəkildi…



ABŞ Yaxın Şərqdə gərginliyi pik həddə çatdıracaq daha bir addım atmağa hazırlaşır. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi açıqlamasına görə, Trampın əmrilə İrana qarşı dəniz blokadası başlayır.

CENTCOM blokadanın rəsmi olaraq 13 aprel tarixində başlayacağını açıqlayıb: "Blokada Fars körfəzində və Oman körfəzindəki bütün İran limanları daxil olmaqla, İran limanlarına və sahil ərazilərinə girən və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı heç bir ayrı-seçkilik olmadan qərəzsiz şəkildə tətbiq ediləcək".

Açıqlamada, İrandan kənar limanlara gedən və ya gələn gəmilər üçün Hörmüz boğazından keçidlər məhdudlaşdırılmayacaq. Bildirilib ki, kommersiya dənizçilərinə blokada əməliyyatı başlamazdan əvvəl rəsmi bildiriş vasitəsilə əlavə məlumat veriləcək.

Bölgədə dəniz nəqliyyatında potensial böhranların qarşısını almağa çalışan CENTCOM ərazidə üzən gəmi heyətinə təlimat da göndərib: "Bütün dənizçilərə Dənizçilərin Bildirişlərini diqqətlə izləmələri və Oman körfəzi və Hörmüz boğazına yaxınlaşarkən 16-cı kanal vasitəsilə dərhal ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaları tövsiyə olunur".

ABŞ administrasiyasının bu tarixi blokada qərarı, Körfəz bölgəsində son zamanlar artan hərbi fəaliyyət və Vaşinqtonla Tehran arasında artan diplomatik böhran fonunda atılan ən sərt addım hesab edilir.

Bu arada, Trampın Amerika donanmasının Hörmüz boğazını blokadaya alacağı barədə açıqlamasından sonra Böyük Britaniyadan diqqət çəkən bir addım gəlib. “Sky News”un əldə etdiyi məlumata görə, Britaniya hökuməti bu strateji dəniz yoluna tətbiq edilən blokadanın bir hissəsi olmayacaq.

Britaniya hökumətinin sözçüsü Londonun naviqasiya azadlığını müdafiə etdiyini bildirib: "Qlobal iqtisadiyyatı və ölkəmizdə yaşayış xərclərini dəstəkləmək üçün təcili ehtiyac olan Hörmüz boğazının açıq qalmasını və naviqasiya azadlığını dəstəkləməyə davam edirik. Hörmüz boğazında keçidlərə görə, qətiyyən tarif tətbiq edilməməlidir".

Blokada planına qarşı çıxaran Britaniyanın bölgədə ticarət keçidini təmin etmək üçün alternativ diplomatik və hərbi yol müəyyənləşdirdiyi ortaya çıxıb. Hökumət sözçüsü müttəfiqlərlə sıx əlaqənin davam etdiyini bildirib: "Naviqasiya azadlığını qorumaq məqsədilə geniş koalisiya yaratmaq üçün Fransa və digər tərəfdaşlarımızla fasiləsiz olaraq işləyirik”.

Tahir TAĞIYEV

Seçilən
6
baki-xeber.com

1Mənbələr