AZ

ABŞ Hörmüz boğazını niyə bloklayır?

ABŞ açılmasını tələb etdiyi və atəşkəsə səbəb olan Hörmüz boğazını bloklamaqla üç həmlə edir:

1. İranın müharibədə əsas “strateji çəkindiricilik” kartını əlindən alır, belə demək mümkünsə, öz rıçağından özünə qarşı istifadə edir;
2. İranın gəlir mənbəyi olan neft ixracının yollarını bloklayır;
3. İranın Hörmüz boğazını bloklamaq tələbinə qarşı koalisiya formalaşdıra bilər;

Hörmüz boğazını bloklayan ABŞ İranın limanlarına daxil olan və çıxan gəmilərin hərəkətini dayandıracaq, eləcə də boğazdan keçidə görə rüsüm ödəyən gəmiləri saxlayacaq. Vaşinqton buna nail olacaqsa, İranın təkcə strateji rıçağını effektsiz etməyəcək, eyni zamanda, gəlirlərdən məhrum edəcək.

Burada əsas məqam Hörmüzün bloklanması ilə neft bazarında qiymətlərin kəskin artacağıdır. ABŞ-ı atəşkəsə sövq edən blokadanın özü tərəfindən tətbiq edilməsi hesablanmış addım kimi görünür. Neftin bahalaşması ABŞ-dan daha çox (Vaşinqton Venesuela neftinin idxalına başlamaqla benzin qiymətlərini tənzimləməyi hesablayır), Avropa-Asiya ölkələrinə zərbə vurur. Bu ölkələr müharibəyə görə Hörmüzü bloklayan İranı deyil, hücum edən ABŞ-ı ittiham edirdi və Vaşinqtonun “boğaz koalisiyasına” qoşulmadılar. İndi boğazın bloklanmasından əziyyət çəkən ölkələr çətin situasiya ilə qarşılaşa bilər:

- ABŞ blokadaya atəşkəs danışıqlarından sonra başlamaqla mümkün ittihamlar qarşısında “İran razılaşmadan imtina etdi” arqumenti qazanır;
- Blokadaya görə iqtisadi çətinliklə üzləşən ölkələr ya bu vəziyyətlə barışmalı, ya da İranın Hörmüz tələbindən imtina etməsi prosesinə qoşulmalıdır;

Bu vəziyyət İrana təkcə iqtisadi itkilər deyil, təzyiq dalğasının güclənməsini də vəd edir:

Birincisi, boğazı bloklayan ABŞ-a təsir imkanları zəif olan ölkələr tədricən İrana qarşı mövqe ala bilər, xüsusilə ucuz neft alan Çin bu vəziyyətdən narazdır. Tehranın atəşkəsə razı salınmasında Pekin təsirinin rol oynadığı haqda məlumatlar vardı. İran Hörmüz kartından imtina etməməklə həm öz gəlirlərindən məhrum ola, həm də tərəfdaşlarını çətin vəziyyətə dala bilər.

İkincisi, ABŞ-ın Hörmüzü bloklamasına qarşı İranın mümkün cavab imkanı hərbi müstəvidədir. Ki, atəşkəsdən sonra ilk hücum edən tərəf İran olacaqsa, ABŞ müharibəni davam etdirməyə legitimlik qazandırmaq üçün istifadə edəcək;

Hörmüz boğazının ABŞ tərəfindən bloklanmasının mümkün nəticələri nəzəri baxımdan belə görünür. Planın praktiki icrası mümkün olarsa, İran ətrafında situasiya dəyişə bilər.

Asif Nərimanlı

Seçilən
16
50
publika.az

10Mənbələr