AZ

Düşünməkdən imtina edirik: Süni zəkanın görünməyən zərərləri nələrdir?

Rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə süni zəka texnologiyaları cəmiyyət həyatında getdikcə daha geniş yer tutur. Bu yeniliklər bir tərəfdən inkişaf və rahatlıq vəd etsə də, digər tərəfdən insan davranışlarına və düşüncə tərzinə təsiri ilə bağlı ciddi müzakirələr doğurur. Xüsusilə gənc nəslin bu texnologiyalardan istifadə forması, həm fərdi inkişaf, həm də cəmiyyətin ümumi intellektual səviyyəsi baxımından diqqət mərkəzindədir.

Mövzu ilə bağlı psixoloq Fatimə Bayramova Editor.az-a açıqlamasında bildirib ki, müasir dövrdə süni zəka insanların həyatını asanlaşdıran vasitələrdən biridir və artıq sadə əmrlərlə, hətta səs və ya görüntü vasitəsilə müxtəlif tapşırıqları yerinə yetirə bilir:

“Ümumilikdə bütün texnologiyalar insana xidmət etmək üçün yaradılır və heç biri insan zəkasından üstün deyil. Lakin bəzən insanlar bu məqamı nəzərdən qaçıraraq süni zəkanı sadəcə məlumat mənbəyi kimi deyil, daha üstün bir vasitə kimi qəbul edir və əldə etdikləri məlumatları düşünmədən həyatlarına tətbiq edirlər. Bu hal xüsusilə elmi işlərdə və yazılı mətnlərdə köçürmə hallarının artmasına, nəticədə isə əqli fəaliyyətin zəifləməsinə səbəb olur.

İnsan düşündükcə analiz edir, nəticə çıxarır və yeni ideyalar formalaşdırır. Hazır cavablara üstünlük verilməsi isə insanları düşünməkdən uzaqlaşdıraraq daha çox mexaniki fəaliyyətə yönəldir. Onun fikrincə, süni zəkadan yalnız köməkçi vasitə kimi istifadə etmək məqsədəuyğundur. Əks halda, məlumatların olduğu kimi təqdim edilməsi insan zehninin inkişafına və məhsuldarlığına mənfi təsir göstərə bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr