AZ

Macarıstan yenidən üzünü Avropaya çevirir

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstanda keçirilən ümumi seçkilərdə ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi Baş nazir Viktor Orban uduzub. 

"Cebheinfo.az" xəbər verir ki, seçkilərdə Hörmət və Azadlıq Partiyasının (Tisza) lideri Peter Magyar böyük fərqlə qalib gəlib. Magyar ilk açıqlamasında deyib: “Macarıstan yenidən Avropa ölkəsi olmaq, Avropaya qayıtmaq istəyir”.

 Magyar Budapeştdə tərəfdarlarına müraciət edib. Çıxışına “Bunu bacardıq” sözləri ilə başlayan Magyar bildirib: 

“Seçkini Tisza və Macarıstan qazandı. Həm də kiçik fərqlə yox, böyük fərqlə. Birlikdə Macarıstanı azad etdik. Siz olmadan bunu bacarmazdıq”. 

Magyar vurğulayıb ki, bu cür böyük qələbə indiyədək heç bir macar partiyası tərəfindən qazanılmayıb: 

“Hər bir macar vətəndaşı üçün işləyən və daha insani Macarıstan qurmaq legitimliyini əldə etdik”. “Macarıstanı demokratiyaya qaytarmaq üçün ən yumşaq və sülh yolu ilə keçidi təmin edəcəyik”, – deyən Magyar əlavə edib ki, bütün macarlar sistem dəyişikliyi üçün çalışır. 

Macar xalqına təşəkkür edən Magyar bildirib: “Bu gün Macarıstanın azadlıq tarixinə qızıl hərflərlə "Macar zəfəri" kimi yazılacaq. Bu gün təzyiqə və yalana qarşı qələbə günü kimi yadda qalacaq. Bu gün “Tisza”-ya səs verməyənlər də milli birliyi qeyd etsin”. 

Magyar qeyd edib ki, bu qələbə bütün macarlar üçün olacaq: “Macarıstan yenidən Avropa ölkəsi olmaq, Avropaya qayıtmaq istəyir”. O əlavə edib ki, onlar ləyaqət prinsipinə önəm verəcəklər və vətəndaşların daha yaxşı səhiyyə, təhsil və bərabərlik kimi hüquqlardan yararlanması üçün çalışacaqlar:

“Ölkəmiz xaricdə yaşayan övladlarına qucaq açacaq. 800 min macar iş tapmaq üçün Qərbi Avropaya köç edib. Ölkəni tərk edən macarlara səslənirəm: evə qayıdın. Çünki Macarıstanın bütün qız və oğullarına ehtiyacı var”. 

Magyar vurğulayıb: 

“Hökumətimin vəzifəsi ölkəni yenidən birləşdirməkdir”. O əlavə edib ki, macar xalqı ölkəni bölənləri hakimiyyətdən uzaqlaşdırıb. 

Nigar Hacılı

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr