Bakı, 13 aprel, AZƏRTAC
Son dövrlərdə kiberinsidentlər mütəmadi xarakter daşıyır və bu cür hadisələr həm regionda, həm də qlobal miqyasda qeydə alınır. Bir sıra hücumların qarşısı dövlət qurumları və özəl sektorun əməkdaşlığı nəticəsində vaxtında alınır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov deyib.
“Bu gün ölkədə fəaliyyət göstərən kibertəhlükəsizlik şirkətlərinin əksəriyyəti AKTA ətrafında birləşib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu şirkətlər dövlət qurumlarına birbaşa dəstək göstərir. Çünki hər bir qurumun daxilində bütün təhlükəsizlik sistemlərini tam təmin etmək mümkün deyil”, – deyə R.Cabarov əlavə edib.
AKTA rəsmisi qeyd edib ki, xüsusilə Təhlükəsizlik Əməliyyat Mərkəzlərinə (SOC) malik ixtisaslaşmış şirkətlərin fəaliyyəti kiberinsidentlərin erkən mərhələdə aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır: “Bu mərkəzlərdə süni intellekt əsaslı həllərdən istifadə olunaraq təhlükələr avtomatlaşdırılmış qaydada müəyyən edilir və aidiyyəti qurumlara operativ məlumat verilir. Bu səbəbdən kibertəhlükəsizlik sahəsində dövlət-özəl tərəfdaşlığının birgə fəaliyyəti zərurətdir”.