Bakı, 13 aprel, AZƏRTAC
ABŞ və Avropanın bir sıra mətbuat orqanları İranın Hormüz boğazından gəmilərin keçidi üçün rüsum tətbiq etmək istəyinin narahatlıq doğurduğunu bildirir. Ekspertlər vurğulayıb ki, bu dünya bazarında neftin qiymətini bahalaşdıracaq. Belə ki, rüsuma ödənilən pul vəsaiti dünya bazarına çıxarılan neftin üzərinə qoyulacaq. Söhbət təkcə neftdən getmir. Körfəz vasitəsi ilə boğazdan çox sayda digər gəmilər də keçir. Hərbi əməliyyatlardan əvvəl Hörmüz boğazından ildə 20 mindən çox müxtəlif təyinatlı gəmilər keçirdi.
AZƏRTAC xəbər verir ki, “Frontier Investments” şirkətinin baş direktoru Lui LaValle rüsum toplanmasının mümkün olduğunu bildirib. O vurğulayıb ki, 2,2 milyon barel neft daşıyan tankerdən hər barelə görə 1 dollar rüsum alınsa bu 2 milyon 200 min dollar edər. Dünya bazarında neftin 1 barelinin qiyməti 90 dollar ətrafında olacağı təqdirdə 2,2 milyon barel neftin bazar qiyməti 198 milyon dollara bərabərdir ki, bundan da 2 milyon dollar rüsum ödəmək mümkündür. Bu hesabla İran ildə 7 milyard dollar əlavə gəlir əldə edər.
İran İslam Şurası Məclisinin (parlamentin) milli təhlükəsiz məsələləri üzrə komitəsinin üzvü Əlaəddin Borucərdi bununla bağlı qanun layihəsinin hazırlandığını bildirərək yaxın günlərdə parlamentə təqdim ediləcəyini vurğulayıb.
Daha bir mühüm məsələ də ondan ibarətdir ki, İran boğazdan keçid üçün rüsumun ABŞ dolları ilə deyil, Çin yuani ilə ödənilməsini tələb edir.
Ötən həftə İslamabadda keçirilən danışıqlar nəticəsiz qaldı. Hörmüz boğazı tərəflər arasında müzakirə olunan ən aktual məsələ idi. İran Hörmüz boğazına nəzarəti əlində saxlamaqla təkcə gəlir əldə etməyəcək, həm də dünya enerji bazarına təsir imkanları qazanacaq.
Məsələnin hüquqi aspektinə gəlincə, BMT-nin dəniz hüquq haqqında Konvensiyasına görə beynəlxalq sularda tranzit haqqı ödənilməməlidir. Yalnız müəyyən xidmətlərə görə tranzit yükdən rüsum tutula bilər. Lakin bu gün cərəyan edən beynəlxalq siyasi proseslərdə BMT-nin Konvensiyası və qərarlarına çox az əhəmiyyət verilir.