AZ

Tramp Vensi bitirdi

BAKI, 13 aprel. TELEQRAF

“Pakistan Baş naziri Şahbaz Şərif və bu ölkənin digər rəsmiləri ABŞ və İran nümayəndələrinin İslamabadda müzakirələrdə nəticə əldə edəcəyinə ümidli idilər. Pakistanın paytaxtında yüksək səviyyədə qarşılanan ABŞ və İran rəsmiləri üçün hər cür şərait yaradılmışdı. Ancaq tərəflər güzəştə getmədilər”.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, ABŞ və İran bir-birinə qarşı irəli sürdüyü tələblər ətrafında ortaq məxrəcə gələ bilməyib:

“Halbuki iki məsələ - uranın zənginləşdirilməsi və Hörmüz boğazıyla bağlı razılaşma əldə etmək mümkün olsaydı, digər məsələrin razılaşdırılmaması böyük əhəmiyyət kəsb etməyəcək və digər bəndlər danışıqların sonrakı mərhələsinə saxlanılacaqdı. Ancaq İran yenə də uranın zənginləşdirilməsindən tamamilə imtina etmək istəmir.

Müharibədən əvvəl beynəlxalq aləmin Hörmüz boğazının təhlükəsizliyi kimi problem yox idi. Bu, müharibə dövründə və sonra yaranan problemdir. Tehran Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir. ABŞ Prezidenti Donald Tramp bir sıra açıqlamalarında boğazın İranın nəzarətində olmasının onu maraqlandırmağıdını, ölkəsinin kifayət qədər neft-qazı olduğunu söyləsə də, bu su yolunun açılması üçün müxtəlif addımlar atacağını bildirib.

Demək, Hörmüz boğazının İranın nəzarətində qalması Trampı ciddi şəkildə narahat edir. Çünki Hörmüz boğazındakı qeyri-sabit vəziyyət dünyada enerji daşıyıcılarının qiymətlərini qaldırıb, bu isə ABŞ vətəndaşlarının ciblərinə təsir edib. Nəticədə ABŞ vətəndaşları Trampa qəzəblidir”.

Elxan Şahinoğlu hesab edir ki, Pakistanda nəticənin əldə edilməməsi Çin üçün də yaxşı xəbər deyil:

“Çin ABŞ ilə İran arasında atəşkəsin əsas memarıdır. Pakistan xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə 5 maddəlik plan irəli sürmüşdü. Bunlar atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün əldə olunmasını əhatə edirdi. Bunlardan yalnız atəşkəs qəbul olundu. Ancaq indiki atəşkəs də kövrəkdir. Yeni müharibə Çinin enerji daşıyıcılarına çıxışını yenə əngəlləyəcək. Görünür, bu, Donald Trampa lazımdır.

Bu arada, Donald Tramp artıq neçənci dəfədir vitse-prezident Ceyms Vensi pis vəziyyətdə qoyur. Tramp Vensi İslamabada ona görə göndərmişdi ki, İran ABŞ-nin əsas iki tələbini (uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüz boğazının açılması) qəbul etsin. Vens qarşı tərəfi bu iki tələbi yerinə yetirməyə inandıra bilmədi. Bundan əvvəl isə Tramp mitinqlərin birində Vensə işarə edərək, İrana qarşı müharibəni məhz onun məsləhəti ilə başladığını vurğulamışdı.

Trampın vitse-prezidentə növbəti zərbəsi onu Macarıstana göndərməsiydi. Vens Budapeştdə parlament seçkilərində Baş nazir Viktor Orbana Ağ Evin dəstəyini ifadə etdi. Halbuki Macarıstanda keçirilən bütün sorğular seçkidə Viktor Orbanın məğlub olacağını göstərirdi. Tramp bunu bilə-bilə Vensi Orbana dəstək məqsədilə Budapeştə göndərməyə qərar verdi. Tramp bu addımlarıyla gələcəkdə Vensin Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinə kölgə salır”.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr