AZ

“Orbanın siyasi irsi Macarıstanın institusional yaddaşına çevrilib”

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri nəyi göstərməsindən asılı olmayaraq Viktor Orban fenomeni müasir Avropa siyasətində artıq formalaşmış və danılmaz bir siyasi məktəb kimi qiymətləndirilməlidir. Orbanın uzun illər ərzində qurduğu idarəçilik modeli sadəcə hakimiyyət praktikasından ibarət deyil, bu, milli maraqları prioritetə çevirən, dövlət suverenliyini siyasi ritorikadan real siyasətə daşıyan konseptual yanaşmadır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

Politoloq qeyd edib ki, onun rəhbərliyi dövründə Macarıstan özünü klassik liberal siyasi çərçivələrin passiv icraçısı kimi deyil, müstəqil qərar qəbul edən aktor kimi təqdim edə bildi: “Bu isə xüsusilə qlobal qeyri-müəyyənlik fonunda kiçik və orta ölçülü dövlətlər üçün ciddi nümunədir. Orban hakimiyyəti göstərdi ki, geosiyasi təzyiqlər və institusional məhdudiyyətlər şəraitində belə milli maraqları qorumaq mümkündür — əsas şərt siyasi iradə və strateji ardıcıllıqdır. Onun siyasətində diqqət çəkən əsas məqamlardan biri praqmatizmdir. Orban ideoloji sərhədlərə qapanmadan, real maraqlara əsaslanan xarici siyasət yürütməyi bacardı. Bu yanaşma Macarıstanın enerji təhlükəsizliyi, iqtisadi dayanıqlığı və regional rolunun güclənməsi baxımından mühüm nəticələr verdi. Bəzən tənqid olunan bu xətt əslində klassik dövlətçilik düşüncəsinin — yəni maraqların ideologiyadan üstün tutulmasının müasir təzahürü idi”.

T.İsmayılovun sözlərinə görə, daxili siyasətdə isə Orban modeli güclü icra hakimiyyəti ilə milli identitetin qorunması arasında balans yaratmağa çalışdı: “Bu model bir reallığı ortaya qoydu: dövlətin dayanıqlılığı üçün bəzən sürətli və mərkəzləşmiş qərarvermə mexanizmləri qaçılmaz olur. Xüsusilə böhran dövrlərində bu cür idarəçilik effektivlik baxımından özünü doğruldur. Seçkilərin nəticəsi nə olursa olsun, Orbanın siyasi irsi artıq Macarıstanın institusional yaddaşına çevrilib. Bu irs yalnız konkret qərarlarda deyil, həm də siyasi düşüncə tərzində, milli maraqlara yanaşmada və dövlətin öz rolunu necə dərk etməsində özünü göstərir. Yeni siyasi konfiqurasiya formalaşsa belə bu xəttin tamamilə dəyişməsi real görünmür. Nəticə etibarilə, Viktor Orban təkcə bir siyasətçi deyil, Avropada milli suverenlik və praqmatik dövlətçilik anlayışını yenidən gündəmə gətirən liderlərdən biridir. Onun fəaliyyəti göstərdi ki, qlobal sistem daxilində belə öz sözünü deyə bilən, öz yolunu seçən dövlət modeli mümkündür — və bu, müasir beynəlxalq münasibətlər sistemində az rast gəlinən, amma getdikcə daha çox aktuallaşan yanaşmadır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr