AZ

Orbanı devirən Magyar KİMDİR? – DOSYE

Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalifət partiyası “Tisza”nın qələbəsilə yekunlaşdı. Bununla da müxalifət hazırkı Baş nazir Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub. “Tisza” partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına iqtidar qurmaq imkanı əldə edib. Parlament seçkilərində qalib gəlmiş “Sayğı və Azadlıq Partiyası”nın (Tisza) lideri Péter Magyar indi Avropada diqqətləri özünə çəkib.

Bəs Péter Magyar kimdir?

NOCOMMENT.az xəbər verir ki, Magyarın siyasi yüksəlişi onun ailə köklərindən və Macarıstanın hüquq elitasındakı mövqeyindən qaynaqlanır. 1981-ci ildə Budapeştdə anadan olan Péter, dövlət idarəçiliyi ilə dərindən bağlı olan bir mühitdə formalaşıb. Babası Ereş Pal Macarıstan Ali Məhkəməsinin hakimi və tanınmış media siması, xaç atası Ferents Madl isə ölkənin keçmiş prezidenti (2000–2005) olub. Bu fon onun gənc yaşlarından hüquq və siyasət dairələrinə girişini təmin edib.

Orbán

Magyarın karyerasının böyük bir hissəsi hazırda devirdiyi Viktor Orbanın “Fides” partiyası ilə bağlıdır. 2010-cu ildən başlayaraq o, Xarici İşlər Nazirliyində çalışıb və Macarıstanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyində vəzifə tutub. Onun sistem daxilindəki nüfuzu keçmiş həyat yoldaşı Yudit Varganın ədliyyə naziri olması ilə daha da möhkəmlənib. Lakin 2024-cü ilin əvvəlində hakimiyyətin daxili idarəetməsini, xüsusilə korrupsiya və qohumbazlığı sərt tənqid edərək sistemdən qopması, onu bir gecədə ölkənin ən güclü müxalif fiquruna çevirib.

Magyar

Siyasi baxışlarına gəldikdə, Magyar klassik qərbpərəst müxalifət obrazından fərqlənir. O, Ukraynaya silah ötürülməsinə və sürətli Aİ üzvlüyünə qarşı çıxaraq, daha çox milli maraqlara söykənən praqmatik yanaşmanı müdafiə edir. Eyni zamanda, Macarıstanın Rusiya enerjisindən asılılığını 2035-ci ilə qədər minimuma endirməyi hədəfləyir. Onun soyadının macarca “Macar” demək olması seçki kampaniyasında xüsusi bir simvolik çəki qazanıb və seçicilərdə “üçüncü yol” ümidi yaradıb.

Bu gün Péter Magyarın liderliyi altında Macarıstan tamamilə yeni və mürəkkəb bir mərhələyə qədəm qoyur. 16 illik bir dövrün qapanması təkcə Budapeştdə deyil, həm də Brüsseldə gələcək siyasi balansların necə dəyişəcəyi ilə bağlı suallar doğurur.

Sara,
NOCOMMENT.az

Seçilən
6
nocomment.az

1Mənbələr