AZ

Viktor Orbanı məğlub edən Peter Madyar kimdir?

Macarıstan siyasətinə damğa vuran yeni fiqurun keçmişi diqqət çəkir...

Uzun illər hakimiyyət dairələrinə yaxın olan, daha sonra isə sistemin ən sərt tənqidçilərindən birinə çevrilən Peter Madyar həm siyasi keçmişi, həm ailə bağlantıları, həm də seçki platforması ilə diqqət mərkəzinə gəlib.

Poliqon xəbər verir ki, Macarıstanda Viktor Orbanın siyasi üstünlüyünü sarsıdan və “Tisa” partiyasının simasına çevrilən Peter Madyar son illərin ən çox müzakirə olunan müxalif fiqurlarından biri hesab olunur. Onun siyasi yüksəlişi, hakimiyyət düşərgəsi ilə əvvəlki əlaqələri və sonradan tutduğu sərt mövqe ölkə daxilində ciddi rezonans doğurub.

Peter Madyar uzun müddət dövlət idarəçiliyi və bizneslə əlaqəli strukturlarda fəaliyyət göstərib. O, müxtəlif dövlət şirkətlərində və rəsmi qurumlarda vəzifələr tutub, eyni zamanda uzun illər Viktor Orbanın rəhbərlik etdiyi “Fides” partiyası ilə bağlı siyasi mühitin bir hissəsi olub. Bildirilir ki, 2010-cu ildə “Fides” hakimiyyətə gəldikdən sonra Madyar Xarici İşlər Nazirliyində vəzifə alıb, daha sonra isə Macarıstanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinə keçib.

Peter Madyar 1981-ci il martın 16-da Budapeştdə Macarıstan cəmiyyətinin elitasına aid edilən ailədə anadan olub. Onun babası ölkənin Ali Məhkəməsinin hakimi olmuş Ereş Pal idi və 1970–80-ci illərdə televiziya proqramları ilə tanınan nüfuzlu hüquqşünas sayılırdı. Madyarın xaç atası isə sonradan “Fides” sıralarında təmsil olunan və 2000–2005-ci illərdə Macarıstan prezidenti olmuş hüquq professoru Ferens Madl idi. Valideynlərinin də hüquqşünas olduğu qeyd olunur.

Gələcək siyasətçinin təhsil yolu da diqqət çəkir. O, Budapeştin mərkəzində yerləşən elit Piarist katolik məktəbini bitirib, daha sonra hüquq təhsili alıb. Madyarın öz sözlərinə görə, o, məhz məktəb illərində ilk dəfə Viktor Orbanla yollarının kəsişdiyini bildirib.

Peter Madyar 2024-cü ildə “Tisa” partiyasına qoşulub. Formal olaraq avropayönlü sayılan bu partiya 2020-ci ilin oktyabrında yaradılsa da, əvvəlki parlament seçkilərində iştirak etməmişdi. Bununla belə, qısa müddətdə ölkənin əsas müxalif platformasına çevrilməsi Madyarın siyasi çəkisini daha da artırıb.

Onun geniş tanınması da məhz 2024-cü ilin əvvəlində başlayıb. Hakimiyyətlə açıq qarşıdurmaya gedən Madyar ölkədə idarəetmə sistemini, korrupsiya və qohumbazlıq mexanizmlərini sərt şəkildə tənqid edib. Bu çıxışlar Macarıstanda geniş ictimai rezonans doğurub və etiraz əhvalını gücləndirib.

Madyarın şəxsi həyatı da siyasi gündəmdə mühüm yer tutub. Onun keçmiş həyat yoldaşı Yudit Varqa Macarıstanın sabiq ədliyyə naziri olub. Cütlüyün üç övladının olduğu bildirilir. Onların ayrılığı, eləcə də Varqanın daha sonra ölkədə böyük rezonans doğuran əfv qalmaqalı fonunda istefa verməsi Madyarın hakimiyyətlə məsafə saxlamasına təsir edən amillərdən biri kimi qiymətləndirilir.

Peter Madyarın siyasi xətti isə birmənalı deyil. O, Viktor Orbanın idarəçilik modelini tənqid etsə də, bütün məsələlərdə Qərbçi və ya Ukraynayönlü xətt tərəfdarı kimi çıxış etmir. Bildirilir ki, o, Ukraynaya silah verilməsinə qarşıdır, həmçinin bu ölkənin Avropa İttifaqına sürətlə inteqrasiyasını dəstəkləmir. Bununla yanaşı, “Tisa”nın proqramında Macarıstanın 2035-ci ilə qədər Rusiya nefti və qazından asılılığını mərhələli şəkildə azaltmasının vacibliyi vurğulanır.

Madyar Rusiyaya münasibətdə “praqmatik yanaşma” tərəfdarı olduğunu da bildirib. Onun fikrincə, bu, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipinə əsaslanmalıdır. Eyni zamanda o, Macarıstanın Avropa İttifaqı və NATO daxilində tamhüquqlu, fəal mövqeyini bərpa etməli olduğunu önə çəkir.

Macarıstan dilində soyadı “macar” mənasını verən Peter Madyar bu gün yalnız müxalif siyasətçi deyil, həm də ölkədə köklü siyasi dəyişiklik vədi verən əsas sima kimi təqdim olunur. Uzun illər sistemin içində olub, sonradan həmin sistemə qarşı çıxması onun siyasi portretini daha da mürəkkəbləşdirir. Bu baxımdan, onun Viktor Orban üzərində qazandığı siyasi üstünlük təkcə seçki nəticəsi deyil, həm də Macarıstanda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
31
3
poliqon.info

10Mənbələr