AZ

Tibb elminə mühüm töhfələr vermiş alim



“Bu günlərdə Azərbaycanın tibb elminin tanınmış nümayəndələrindən biri olan Zərifə xanım Əliyevanın anım gününü görkəmli alimin ruhuna böyük ehtiram və sayğı göstərməklə qeyd edirik. Zərifə xanım Əliyevanın səhiyyə sahəsinə gətirdiyi yeniliklər nəinki ölkə miqyasında, eləcə də ölkədən kənarda böyük maraq doğurmuş, onun səhiyyəyə verdiyi töhfələr yüzlərlə, minlərlə insanın göz xəstəliklərinin aradan qaldırılmasında vasitə olmuşdu. Oftalmologiya sahəsinə mühüm töhfələr verən Zərifə Əliyevanın fəaliyyəti həm elmi, həm də praktik səhiyyə baxımından böyük əhəmiyyət daşıyıb”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, Zərifə Əliyevanın adı tibb elmində daha çox traxomanın aradan qaldırılmasında görüdyü işlərlə xatırlanır. İlham Məmmədov diqqətə çatdırıb ki, XX əsrin 40-cı illərində Azərbaycanda göz xəstəlikləri, traxoma geniş yayılmağa başlamışdı. Deputatın sözlərinə görə, bu xəstəlik daha çox kimya sənayesində çalışan insanlar arasında müşahidə edilirdi:

“Zərifə Əliyeva zəngin elmi təcrübəsinə əsaslanaraq kimya və sənaye müəssisələrində çalışan işçilərdə göz xəstəliklərini araşdırdı. O, istehsalat şəraitinin görmə orqanına təsirini öyrənərək peşə ilə bağlı göz xəstəliklərinin diaqnostika və profilaktikasına dair mühüm nəticələr əldə etdi. Nəticə etibarilə, Zərifə Əliyeva Azərbaycanda geniş yayılmış göz xəstəliklərindən biri olan traxomanın müalicəsi və profilaktikası üçün effektiv üsullar hazırlayıb təqdim etdi. Görkəmli oftalmoloq alimin bu sahədə apardığı tədqiqatlar xəstəliyin yayılmasının qarşısının almasında xüsusi rol oynadı”.

İlham Məmmədov onu da deyib ki, Zərifə Əliyeva bir alim kimi öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi:

“Bu sırada diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. qeyd etmək mümkündür. Apardığı tədqiqatlar zamanı Zərifə Əliyevanın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib”.

Millət vəkili deyib ki, Zərifə Əliyeva həm də tibb sahəsində savadlı, gənc kadrların hazırlanmasında müstəsna rol oynayıb. İlham Məmmədov qeyd edib ki, Zərifə Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf edib:

“Onun çoxsaylı məqalələri, çıxışları, elmi araşdırmaları bu prosesə dəstək verib. Bir sözlə, Zərifə Əliyevanın adı həm də səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmiş alim kimi də bu gün ölkənin tibb ictimaiyyəti tərəfindən ehtiramla xatırlanır. Məhz Zərifə Əliyevanın rəhbərliyi altında gənc alimlər və həkim-oftalmoloqlardan ibarət böyük, eyni zamanda savadlı bir nəsli yetişib. Bütün bu gördüyü işlər, tibb elminə verdiyi töhfələrə görə, Zərifə Əliyeva Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdü”.

Süleyman
Seçilən
24
1
newscenter.az

2Mənbələr