Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Aprelin 15-i görkəmli alim, yüksək mənəvi keyfiyyətləri ilə seçilən böyük şəxsiyyət Zərifə Əliyevanın anım günüdür. Onun həyat yolu yalnız tibb elminə xidmətlə məhdudlaşmır, eyni zamanda insanlara sevgi, mərhəmət, humanizm və fədakarlığın parlaq nümunəsi kimi yaddaşlarda əbədiləşmişdir. Bu böyük alim ömrünü səhiyyənin inkişafına, insanların sağlamlığının qorunmasına və yeni elmi istiqamətlərin formalaşmasına həsr etmişdir.
Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Uşaqlıq və yeniyetməlik illərindən elmə, xüsusilə tibb sahəsinə böyük maraq göstərmişdir. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1947-ci ildə həmin ali məktəbi yüksək göstəricilərlə başa vurmuşdur. Onun erkən yaşlardan formalaşan elmi düşüncə tərzi və məsuliyyət hissi gələcəkdə böyük elmi nailiyyətlər qazanmasına zəmin yaratmışdır.
1949-cu ildən etibarən Zərifə Əliyeva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlamış, elmi və praktik fəaliyyəti paralel şəkildə inkişaf etdirmişdir. O, yalnız nəzəri biliklərlə kifayətlənməyərək xəstələrlə birbaşa işləyir, əldə etdiyi nəticələri gündəlik tibbi praktikada tətbiq edirdi. Bu yanaşma Zərifə xanımın qısa müddətdə peşəkar alim və yüksək ixtisaslı həkim kimi tanınmasına, həmçinin elmi ictimaiyyətdə nüfuz qazanmasına səbəb olmuşdur.
XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyi ciddi sosial və tibbi problem kimi minlərlə insanın görmə qabiliyyətini itirməsinə gətirib çıxarırdı. Zərifə Əliyeva bu sahədə apardığı sistemli elmi tədqiqatlar və praktik fəaliyyətlə mühüm dönüş yaratdı. Onun hazırladığı müalicə və profilaktik yanaşmalar nəticəsində xəstəliyin yayılmasının qarşısı əhəmiyyətli dərəcədə alındı, traxoma ilə mübarizədə yeni mərhələ başlandı. Bu uğur səhiyyə tarixində mühüm elmi nailiyyət kimi dəyərləndirilir.
Zərifə Əliyevanın elmi fəaliyyəti çoxşaxəli və dərin məzmunlu olmuşdur. O, qlaukoma, virus mənşəli göz xəstəlikləri, peşə oftalmologiyası və görmə orqanının patologiyaları kimi sahələrdə fundamental tədqiqatlar aparmışdır. Alimin müdafiə etdiyi doktorluq dissertasiyası oftalmologiya elminə mühüm töhfə kimi qiymətləndirilmişdir. 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmiş, elmi fəaliyyəti yüksək səviyyədə tanınmışdır.
1983-cü ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının müdiri seçilmiş, elə həmin ildə akademik adına layiq görülmüşdür. Bu faktor onun uzun illər davam edən elmi-pedaqoji fəaliyyətinə verilən ən yüksək dəyərlərdən biri idi. O, həmçinin Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixdə xüsusi yer tutmuşdur. Onun fəaliyyəti elmi məktəbin formalaşmasına və yeni nəsil alimlərin yetişməsinə böyük təsir göstərmişdir.
Zərifə Əliyeva 150-yə yaxın elmi məqalənin və 12 monoqrafiyanın müəllifi olmuşdur. Onun “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəlikləri”, “Göz sulanmasının fiziologiyası” kimi fundamental əsərləri bu gün də tibb sahəsində çalışan mütəxəssislər üçün mühüm elmi mənbə kimi istifadə olunur. Bu əsərlər yalnız elmi dəyəri ilə deyil, həm də praktik tətbiq imkanları ilə seçilir və oftalmologiya elminin inkişafına xidmət edir.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi yadda qalmışdır. O, kimsəsiz uşaqlara qayğı göstərir, bölgələrdə xəstələrlə birbaşa ünsiyyət qurur və insanların sağlamlığına xüsusi həssaslıqla yanaşırdı. Zərifə xanımın həyat fəlsəfəsi həkimin insanlara ən yaxın şəxs olması prinsipi üzərində qurulmuşdu. “Həkim insanın ən doğma adamıdır” fikri onun peşə etikasını və insani dəyərlərə münasibətini ifadə edirdi.
Akademik Zərifə Əliyeva müxtəlif ictimai və elmi qurumlarda fəal iştirak etmiş, beynəlxalq elmi mühitdə də yüksək nüfuz qazanmışdır. O, SSRİ miqyasında yüksək elmi mükafatlara layiq görülmüş, o cümlədən akademik M.İ.Averbax adına mükafatla təltif olunmuşdur. Zərifə xanım həm də nümunəvi ana və sadiq həyat yoldaşı kimi yaddaşlarda qalmışdır. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
1985-ci il aprelin 15-də Zərifə Əliyeva Moskva şəhərində vəfat etmişdir. Zərifə xanımın xatirəsi daim ehtiramla yad edilir, elmi irsi öyrənilir və gələcək nəsillərə ötürülür. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.
Görkəmli alimin həyatı və fəaliyyəti elmə sədaqətin, insanlığa xidmətin və yüksək mənəviyyatın parlaq nümunəsidir. Onun zəngin elmi irsi və insani dəyərləri yalnız tibb sahəsi üçün deyil, bütövlükdə cəmiyyət üçün dəyərli bir nümunə olaraq qalır.