AZ

Az kalorili, çox təsirli: Qulançar haqqında bilmədikləriniz

Qulançar son illər sağlam qidalanma trendinin əsas simvollarından birinə çevrilib. Vaxtilə yalnız bahalı restoran süfrələrində görünən bu yaşıl tərəvəz indi həm dietoloqların, həm də sağlam həyat tərzi seçənlərin sevimlisinə çevrilib.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin fikrincə, qulançar sadəcə dadlı tərəvəz deyil, eyni zamanda orqanizm üçün güclü dəstəkdir. Onların sözlərinə görə, qulançarın tərkibində A, C və E vitaminləri, fol turşusu, kalium və lif bol miqdardadır. Bu maddələr hüceyrələri qoruyur, immun sistemini gücləndirir və ürək-damar sağlamlığına müsbət təsir göstərir.

Dietoloqlar bildirirlər ki, xüsusilə fol turşusu baxımından zəngin olması qulançarı hamiləlik dövründə faydalı qidalardan birinə çevirir. “Fol turşusu dölün sinir sisteminin formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən qulançar menyuda mütəmadi yer ala bilər”.

Qulançarın digər üstünlüyü onun təbii sidikqovucu xüsusiyyətə malik olmasıdır. Bu xüsusiyyət bədəndə yığılan artıq mayenin xaric olunmasına kömək edir, ödemin azalmasına dəstək verir. Eyni zamanda liflə zəngin olması həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətini tənzimləyir.

Maraqlıdır ki, bu tərəvəz aşağı kalorili olduğu üçün arıqlamaq istəyənlərin də seçimidir. Uzun müddət toxluq hissi yaratdığı üçün qəfil aclıq hissinin qarşısını alır və sağlam pəhriz proqramlarında geniş istifadə olunur.

Tarixi mənbələrdə qulançarın qədim Misir və Roma dövrlərində belə istifadə edildiyi bildirilir. Hətta bəzi yazılarda onun “kral tərəvəzi” adlandırıldığı qeyd olunur.

Mütəxəssislər hesab edirlər ki, əsas məsələ bu cür qidaları yalnız dəb olduğu üçün deyil, sağlamlıq baxımından dəyərini anlayaraq istehlak etməkdir. Çünki bəzən ən sadə görünən tərəvəz belə orqanizm üçün böyük faydalar verə bilər.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr