Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan leytenant Qabil Habil oğlu Orucəliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Qabil Orucəliyevin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Çıxış edən dövlət nümayəndələri Aprel döyüşlərinin Azərbaycan Ordusunun şanlı tarixində xüsusi yer tutduğunu vurğulayıb, həmin döyüşlərin xalqımızın iradəsinin, ordumuzun gücünün bariz nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, məhz bu qəhrəmanlıq salnaməsi sonradan əldə olunan böyük Qələbənin əsasını təşkil edib. Şəhid Qabil Orucəliyevin döyüşlər zamanı göstərdiyi igidlikdən bəhs edilərək onun Vətənə sədaqətinin gənc nəsil üçün örnək olduğu diqqətə çatdırılıb.
Çıxış edənlər qeyd ediblər ki, Qabil Orucəliyev döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək son ana qədər düşmənə qarşı mübarizə aparıb və böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Onun adı Azərbaycan hərb tarixində qəhrəmanlıq nümunəsi kimi daim yaşayacaq.
Şəhidin doğmaları çıxış edərək göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər, Qabil Orucəliyevin Vətən sevgisindən, hərbi xidmətə bağlılığından və döyüş yoldaşları arasında qazandığı hörmətdən söz açıblar. Bildirilib ki, onun xatirəsinin belə yüksək səviyyədə yad olunması ailə üçün böyük təsəllidir.
Tədbirdə iştirak edən zabitlər və qazilər də çıxış edərək Aprel döyüşlərində göstərilən qəhrəmanlıq nümunələrindən bəhs edib, şəhid Qabil Orucəliyev kimi igidlərin şücaətinin Azərbaycan əsgərinə daim nümunə olduğunu vurğulayıblar. Qeyd olunub ki, şəhidlərimizin qanı yerdə qalmayıb və onların arzuları bu gün reallığa çevrilib.
Sonda bir daha vurğulanıb ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların keçdiyi şərəfli həyat yolu gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi
.1775981227.jpg)
.1775981227.jpg)
.1775981227.jpg)
.1775981227.jpg)
.1775981227.jpg)
.1775981227.jpg)
.1775981227.jpg)