ABŞ ilə İran arasında aparılan danışıqlarda əsas fikir ayrılığı mövzularından biri Hörmüz boğazı ətrafında yaranan vəziyyət olub.
Musavat.com xəbər verir ki, Financial Times nəşrinin yaydığı məlumata görə, tərəflər arasında müzakirələr məhz bu strateji su yolu ilə bağlı ziddiyyətlər səbəbindən dalana dirənib.
Nəşr yazır ki, Hörmüz boğazının təhlükəsizliyi, gəmiçiliyin bərpası və İranın bu marşrut üzərindəki mövqeyi danışıqların ən həssas başlıqlarından birinə çevrilib. Məhz bu səbəbdən Vaşinqton və Tehran arasında kompromis əldə etmək çətinləşib.
Məlumata əsasən, tərəflər arasında ümumi razılaşma imkanları tam tükənməsə də, hazırkı mərhələdə prosesin irəliləməsi ciddi maneələrlə üzləşib. Xüsusilə, Hörmüz boğazı ilə bağlı qarşılıqlı şərtlər danışıqlar masasındakı gərginliyi daha da artırıb.
Eyni zamanda, İran Hörmüz boğazı üzərində nəzarəti saxlamaqda və bu marşrutdan keçən gəmilərdən keçid rüsumu almaqda israr edir ki, bu da danışıqlarda əsas mübahisə mövzularından biri kimi önə çıxır.
Musavat.com