AZ

“Kollektorların üzərində tikilmiş evlər bizim üçün ciddi fəsadlar yaradır” - ADSEA sədri

Son günlər paytaxt və ətraf ərazilərə normadan dəfələrlə artıq yağan yağışlar bir sıra fəsadlara yol açıb. Kanalizasiya xətləri və ötürücülük qabiliyyəti məhdud olan kollektorların ifrat yüklənməsi şəhər təsərrüfatının həssas nöqtələrini bir daha gündəmə gətirib. Eyni zamanda, vaxtilə su təsərrüfatı obyektlərinin mühafizə zolaqlarında aparılmış nizamsız fərdi tikintilər də vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri kimi diqqət mərkəzinə gəlib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Report" İnformasiya Agentliyi və "Xəzər" Televiziyasına geniş müsahibəsində vətəndaşları maraqlandıran bu və digər aktual məsələlərə aydınlıq gətirib, görülən işlər və gələcək planlar barədə sualları cavablandırıb.

Milli.Az həmin müsahibəni təqdim edir:

- "Xəzər TV": Zaur müəllim, normadan artıq yağan yağışlar nəticəsində bir sıra ərazilərdə çətinliklər müşahidə olundu. Əməkdaşlarınız hadisə yerlərində operativ şəkildə fəaliyyət göstərir, eyni zamanda monitorinqlər aparırdı. Aparılan təhlillər hansı nəticələri ortaya qoydu? Problemin konkret səbəbləri nələrdir?

-Təbii ki, ilkin təhlillər aparılıb. Bu təhlillər sadəcə bir həftə və ya 10 gün ərzində aparılan təhlillər deyil. Uzun müddət ərzində də araşdırmalar davam etdiriləcək. Amma ilkin nəticələr artıq əlimizdədir.

Dediyiniz kimi, mart ayının 27-si və 28-də, eləcə də ondan bir həftə sonra yağan yağışlar çox intensiv və həddindən artıq güclü idi. Sizə bəzi rəqəmlər deyim. Bakı və Abşeron yarımadasında illik yağıntı norması 235 mm-dir. Yəni bu, təxminən hər kvadrat metrə 235 litr su deməkdir və bu miqdar adətən 12 ay ərzində düşür.

Lakin təkcə martın 27-si və 28-də - iki gün ərzində yağan yağışın miqdarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin məlumatına görə 143 mm təşkil edib. Bu rəqəm quru statistika kimi görünə bilər, amma müqayisə üçün deyim ki, bu, illik yağıntı normasının təxminən 60 %-i deməkdir. Yəni Bakı və Abşeron yarımadası üzrə uzunmüddətli müşahidələrə əsasən 7 ayda yağan yağış cəmi iki gün ərzində yağıb. Bu, həqiqətən də çox böyük göstəricidir və hətta fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər.

Təbii ki, bu qədər intensiv yağıntı mövcud infrastruktur sistemi, həmçinin çökəklikdə yerləşən ərazilər səbəbindən Abşeronun bəzi bölgələrində geniş su basmaları və daşqınlara səbəb olub.

Bununla yanaşı, qeyd etdiyiniz kimi, əməkdaşlarımız həm yağışdan əvvəl, həm də yağış zamanı böyük işlər görüblər və hazırda da bu işlər davam edir. Bu işlər yalnız yağış zamanı aparılan tədbirlərlə məhdudlaşmır. Çünki bu yağıntıların təsiri hələ uzun müddət özünü göstərəcək.

Bakı ətrafında toplanan suların böyük hissəsi şəhərin mərkəzindən keçərək təmizləyici qurğulara yönəlir və bu proses həm daşqın baş verən ərazilərdə, həm də digər məkanlarda müəyyən təsirlər yaradır.

Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, siz də sualınızda vurğuladınız - həm bizim sıravi əməkdaşlarımıza, həm də Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də "Azərişıq" və "AzərEnerji"nin rəhbərlərinə və əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

Eyni zamanda bu prosesdə çətinlik yaşayan vətəndaşlarımızın anlayışına görə təşəkkür etmək istəyirəm. Bizim əməkdaşlar həmin ərazilərdə işləyərkən bir çox vətəndaş səbir nümayiş etdirib, hətta bəziləri kömək və dəstək göstərib. Onların hamısına öz təşəkkürümü bildirirəm.

Mənə elə gəlir ki, həmin günlərdə göstərilən bu birlik və həmrəylik bizi daha böyük fəsadlardan və daha ciddi nəticələrdən qorudu. Təbii ki, problemlər var, müəyyən fəsadlar da yaşandı. Amma reallıq göstərir ki, bu əməkdaşlıq olmasaydı, eləcə də işçilərimizin 24 saat fasiləsiz və fədakar fəaliyyəti olmasaydı, vəziyyət daha ağır ola bilərdi.

Yağışların dayanmasından artıq bir həftə keçməsinə baxmayaraq, əməkdaşlarımız hələ də gecə-gündüz çalışırlar. Bir çox ərazilərdə işlər 24 saat fasiləsiz davam etdirilir. Məhz onların fədakar xidməti sayəsində vəziyyəti nəzarətdə saxlaya bilmişik və hazırda nisbətən normal vəziyyətdəyik.

- "​Xəzər TV": Bu təhlillər nəticəsində artıq bəzi boşluqlar üzə çıxıb. Növbəti dəfə yaz mövsümü gəldikdə yenə belə yağışların olması mümkündür. Buna hazırlıq hansı səviyyədədir? Yəni elə bir rayon varmı ki, deyək ki, bu məsələlər nəzərə alınacaq və gələcəkdə həmin ərazilərdə bu problemlər təkrarlanmayacaq? Qabaqlayıcı tədbirlər nəzərdə tutulubmu?

- Bu yağışlar və ümumiyyətlə iqlim dəyişikliyi ilə bağlı müşahidə olunan proseslər göstərir ki, belə intensiv yağıntılar yenə baş verə bilər. Ümid edirik ki, budəfəki kimi böyük həcmdə olmayacaq. Çünki bu, son 100 ildə müşahidə olunmayan miqyasda yağıntı idi. Amma onun qədər olmasa da, bəlkə də yarısı qədər yağışların baş verməsi realdır və biz buna hazır olmalıyıq.

Çünki iqlim dəyişikliyi yalnız quraqlıqla özünü göstərmir. Əvvəllər yağışlar daha çox hissə-hissə və daha uzun zaman kəsiyində yağırdı. İndi isə qısa zaman ərzində çox intensiv yağıntılar müşahidə olunur. Ardınca isə bəzən uzunmüddətli quraqlıq dövrü yaranır. Bu cür hallarla həm yaz, həm də payız mövsümündə qarşılaşacağımızın ehtimalı böyükdür.

Məhz bu reallığı nəzərə alaraq, cənab Prezident İlham Əliyevin tapşırığı ilə ötən ildən Bakı və Abşeron yarımadasında içməli su və yağış-kanalizasiya kollektorlarının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı hazırlanıb. Bu proqram 10 il ərzində mərhələli şəkildə icra olunacaq və mövcud problemlərin həlli istiqamətində ciddi imkanlar yaradacaq.

Hazırda mövcud vəziyyətdə suların böyük hissəsi bir mərkəzə - kollektor sisteminə yönəlir. Yeni proqram çərçivəsində isə bu sistem daha səmərəli şəkildə bölüşdürüləcək. Nəticədə həm vətəndaşların içməli suya əlçatanlığı, həm kanalizasiya xidmətlərinə çıxışı yaxşılaşacaq, həm də bu cür intensiv yağışların yaratdığı fəsadların daha az olması və suların daha operativ şəkildə kənarlaşdırılması mümkün olacaq.

- "Report İA": Zaur müəllim, bu cür halların əsas səbəbləri yalnız iqlim faktorlarıdır, yoxsa infrastruktur problemləri də rol oynayır?

- Təbii ki, bunu yalnız iqlim faktorları ilə izah etmək düzgün olmaz İqlim bizim nəzarət edə biləcəyimiz bir məsələ deyil və bu, təkcə Azərbaycanın və ya region ölkələrinin təsir edə biləcəyi bir proses də deyil. Bu, qlobal miqyasda baş verən problemdir. İqlim dəyişikliyi sadəcə yağışların daha intensiv və qısa müddətdə yağmasına səbəb olur.

Belə miqdarda yağıntıya uyğun infrastruktur qurmaq isə praktiki olaraq mümkün deyil. Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil. Təsəvvür edin ki, normalda 7 ay ərzində yağan yağış iki günə düşür. Bu o deməkdir ki, kanalizasiya sistemləri 210 günə hesablanmış su həcmini cəmi iki gün ərzində qəbul etməlidir. Belə halda kanalizasiya xətlərinin indikindən onlarla dəfə böyük olması tələb olunar ki, bu da real deyil və texniki baxımdan mümkün sayılmır.

Bununla yanaşı, mövcud infrastrukturun vəziyyəti də mühüm rol oynayır. İstismar etdiyimiz kanalizasiya sistemlərinin bir hissəsi köhnəlib və onların istifadəsində müəyyən problemlər mövcuddur. Bu da belə hallarda problemlərin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olur.

Digər tərəfdən, 1980-cı illərin sonlarından başlayaraq və 1990-cı illərin əvvəllərində keçid dövründə Bakıda çox sürətli urbanizasiya prosesi baş verib. Böyük miqrasiya dalğası olub. Bu gün azad edilmiş Qarabağdan olan məcburi köçkünlərin böyük hissəsi də işğal dövründə uzun illər Bakıda məskunlaşıb. Lakin həmin dövrlərdə bir çox ərazilərdə tikinti və məskunlaşma prosesi plansız şəkildə aparılıb.

Nəticədə bəzi ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadan fərdi nasoslar quraşdırılıb və həmin nasoslar vasitəsilə sular mövcud şəhər kanalizasiya sisteminə ötürülüb. Normal gündəlik şəraitdə mövcud kanalizasiya xətləri bu yükü müəyyən qədər daşıya bilir. Lakin belə intensiv yağışlar zamanı bu sistemlərin dözümlülüyü kifayət etmir.

Yəni infrastrukturun köhnəlməsi və sistemin həddindən artıq yüklənməsi belə ekstremal hava şəraitində problemlərin yaranmasına səbəb olur. Problem yalnız infrastrukturun köhnəlməsilə bağlı deyil, buna urbanizasiya - şəhərin əhali baxımından yüklənməsi də təsir edir.

Məhz buna görə də hazırlanan Dövlət Proqramında qeyd etdiyimiz kimi, yeni kollektorların tikilməsi və suların yalnız şəhərin mərkəzindəki mövcud sistemə deyil, müxtəlif istiqamətlərə yönəldilməsi nəzərdə tutulur. Bununla həm mövcud sistemlər üzərindəki yük azaldılacaq, həm də köhnəlmiş kollektorların daha da sıradan çıxmasının qarşısı alınacaq. Paralel olaraq həmin kollektorların boşaldılması və mərhələli şəkildə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

- "Xəzər TV": Son yağışlar zamanı sanki bütün Bakının yağıntısı Keşlə qəsəbəsində cəmlənmişdi və əsas tədbirlər də məhz orada həyata keçirilirdi. Məlumata görə, kollektorların üzərində 1600-dən çox qanunsuz tikili var. Keşlə qəsəbəsindəki həmin evin çıxarışının olmadığı bildirilirdi. Lakin bu evlərin arasında çıxarışı olan evlərin də olduğu deyilir. Hazırda Keşlə qəsəbəsindəki ev sökülüb və kompensasiya məsələsi gündəmdədir. Həmin 1600 ev və xüsusilə Keşlə qəsəbəsində sökülən evlə bağlı kompensasiya məsələsi necə tənzimlənəcək?

- Qeyd etdiyiniz 1600 rəqəmi bizim indiyə qədər müəyyən etdiyimiz, kollektorların üzərində tikilmiş qanunsuz evlərin sayıdır. Reallıqda isə bu rəqəm daha çox ola bilər. Çünki məsələ təkcə kollektorun birbaşa üzərində tikilmiş evlərdən ibarət deyil.

Əgər Keşlədəki həmin evi görmüsünüzsə, onun bitişiyində yerləşən evlər də əslində həmin kollektorun mühafizə zonasında yerləşir. Çünki kollektorların istismarı və mümkün müdaxilələr üçün texnikanın həmin əraziyə daxil olması tələb olunur. Məsələn, həmin kollektor təxminən 9 metr dərinlikdən keçir. Bu isə o deməkdir ki, orada qazıntı aparmaq üçün daha geniş əraziyə ehtiyac yaranır.

Yəni 9 metr dərinlikdə kotlavan qazılması üçün texnikanın işləyə biləcəyi daha geniş sahə tələb olunur. Buna görə də kollektorların mühafizə zonası əslində daha geniş olur və kollektorun diametrindən asılı olaraq bu zona 10, 15, hətta 20 metrə qədər uzana bilər.

Bu evlərin bir qismi vaxtilə tikilib. Dediyiniz kimi, onların bir hissəsi qanunsuz və sənədsizdir. Lakin təəssüf ki, sənədi olan evlər də mövcuddur.

Hazırda bu məsələ ilə bağlı işlər davam etdirilir. Nazirlər Kabinetinin qərarı ilə xüsusi komissiya yaradılıb və bu komissiya həm kollektorların, həm də içməli su magistral borularının üzərində yerləşən tikililərlə bağlı araşdırmalar aparır. Çünki problem yalnız kollektorlarla bağlı deyil - bəzi hallarda içməli su magistral xətlərinin üzərində də evlər tikilib.

Bütün bu məsələlər yoxlanılır və dövlətimizin bu sahədə kifayət qədər aydın qanunvericiliyi və qaydaları mövcuddur. Problemlər də məhz həmin hüquqi çərçivə əsasında həll ediləcək.

Həmin evlərlə bağlı hüquqi məsələlərin həlli üçün hökumətin, yerli icra hakimiyyətlərinin və FHN-nin müəyyən olunmuş qaydaları var. Mən əminəm ki, kompensasiya məsələləri də bu qaydalara uyğun şəkildə tənzimlənəcək.

- "​Report İA": Cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə siz Dövlət Proqramı haqqında ətraflı məlumat verdiniz. Konkret faktlar və statistik göstəricilər əsasında Bakı və Abşeron yarımadasındakı mövcud vəziyyət təqdim olundu. Dövlət Proqramı artıq təsdiqlənib və işlərə başlanılıb. Zaur müəllim, sakinləri maraqlandıran əsas məsələlərdən biri budur: bu Dövlət Proqramının nəticələrini biz neçə ildən sonra görməyə başlayacağıq?

- Bu, çox yaxşı sualdır. Təbii ki, əhalimizi və vətəndaşlarımızı ən çox maraqlandıran məsələ təkcə proqramın təsdiqlənməsi deyil, onun real nəticələridir. Proqram ümumilikdə 10 illik dövrü əhatə edir. Yəni proqram tam şəkildə icra olunduqdan sonra onun bütün nəticələrini təbii olaraq 10 ildən sonra görmək mümkün olacaq.

Amma bu o demək deyil ki, bu müddət ərzində heç bir nəticə olmayacaq. İşlərin gedişi ilə paralel olaraq bir sıra problemlər mərhələli şəkildə həll olunacaq.

Kanalizasiya sisteminin əsas problemi yalnız yağan yağışın və ya tullantı sularının toplanması ilə bağlı deyil. Əsas məsələ həmin suların sonradan haraya yönləndirilməsi, yəni mənsəbinin yaradılmasıdır. Toplanan sular ya təmizlənərək yenidən təbiətə qaytarılmalı, ya da təkrar istifadəyə yönəldilməlidir.

Hazırda isə vəziyyət belədir ki, Bakı ətrafındakı kənd və qəsəbələrin kanalizasiya və yağış suları əsasən Bakı şəhərinin mərkəzindən keçərək axıdılır. Halbuki bu, sistem üzərinə böyük yük yaradır.

Hazırlanan Dövlət Proqramı çərçivəsində 12 yeni kollektorun tikintisi nəzərdə tutulur və onların böyük əksəriyyəti tunel tipli kollektorlar olacaq. Bu kollektorların bir qismində artıq tikinti işlərinə başlanılıb.

Həmin kollektorların istifadəyə verilməsindən sonra - təxminən 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində - onların üzərində 9 ədəd tullantı sularının təmizləyici qurğusu da tikilərək istifadəyə veriləcək. Bu qurğular vasitəsilə sular əvvəlcə təmizlənəcək, daha sonra isə təhlükəsiz şəkildə dənizə ötürüləcək.

Məhz bu mərhələdən sonra insanlar bu proqramın real nəticələrini hiss etməyə başlayacaqlar. Çünki güclü yağışlar zamanı yaranan suyun böyük hissəsini həmin kollektorlar vasitəsilə daha operativ şəkildə dənizə yönəltmək mümkün olacaq.

Bununla belə, iş yalnız kollektorların tikilməsi ilə bitmir. Həmin kollektorların işləməsi üçün geniş şəbəkə sistemi də qurulmalıdır ki, yaşayış evlərindən və digər ərazilərdən gələn kanalizasiya suları toplanaraq bu kollektor sisteminə ötürülsün.

Bu işlər də mərhələli şəkildə davam etdiriləcək. Abşeron yarımadasında ümumilikdə 64 kənd və qəsəbə var. Bu ərazilərdə kanalizasiya şəbəkələri qurulduqca, hər bir yaşayış məntəqəsi proqramın nəticələrini mərhələli şəkildə hiss edəcək. Bəzi qəsəbələr bu nəticələri artıq 2029-cu ildə, bəziləri isə 2030-cu ildən etibarən görməyə başlayacaq.

- "Xəzər TV": Zaur müəllim, bu işlərin həyata keçirilməsi zamanı hansı çətinliklərlə qarşılaşa bilərik və həmin çətinliklərin aradan qaldırılması üçün hansı təcrübələrdən istifadə ediləcək?

- Təbii ki, çətinliklər kifayət qədərdir. Çünki qeyd etdiyimiz problemlər - plansız məskunlaşma və plansız şəhərsalma - təkcə toplanan kanalizasiya və yağış sularının miqdarı ilə bağlı deyil. Burada həm də qurulacaq şəbəkələrin trassaları, yəni hansı istiqamətlərdən və hansı yollarla çəkiləcəyi məsələsi mühüm rol oynayır.

Bildiyiniz kimi, su həmişə aşağı istiqamətə axır və öz axarını tapır. Yəni kanalizasiya xətlərini istədiyimiz kimi sağ və ya sol küçələrdən keçirmək mümkün deyil. Bu xətlər sistemin ən yüksək nöqtəsindən başlayaraq aşağı istiqamətə doğru çəkilməlidir və bunun üçün uyğun marşrutlar və yollar olmalıdır.

Kanalizasiya xətləri müəyyən maililiklə çəkilməlidir və onların üzərində çoxlu döngələrin olması arzuolunan deyil. Çünki hər bir döngə potensial risk nöqtəsidir. Belə yerlərdə çöküntülər yığıla və nəticədə tıxanmalar yarana bilər. Buna görə də xətlərin mümkün qədər düz və öz axını ilə işləyəcək formada qurulması vacibdir.

Bununla yanaşı, sistemin son mərhələsində kanalizasiya xətləri yenə də nasos stansiyalarına qoşulur. Çünki bəzi hallarda sular ən aşağı nöqtəyə çatdıqdan sonra təmizləyici qurğulara ötürülməsi üçün nasoslar vasitəsilə yenidən qaldırılmalıdır.

Çətinliklərdən biri də logistika ilə bağlıdır. Bildiyiniz kimi, Bakı şəhərinin Baş planı artıq təsdiq olunub və bizim də ayrıca bu il təsdiq olunan Master-planımız mövcuddur. Bu Master-plan üzərində işlər hələ 2013-cü ildən başlayaraq aparılır və zaman-zaman yenilənərək mövcud vəziyyətə və yeni çağırışlara uyğun şəkildə təkmilləşdirilib.

Bu dövlət proqramının icrası zamanı logistika, yol infrastrukturu və digər məsələlərlə bağlı müəyyən çətinliklər yarana bilər. Çünki şəbəkələrin qurulması zamanı bir çox küçələrdə qazıntı işləri aparılacaq. Bakı və Abşeronun bəzi ərazilərində küçələr çox dar olduğundan giriş-çıxışlarda müvəqqəti problemlər yarana bilər. Belə hallarda vətəndaşlar üçün alternativ yolların təşkili tələb olunacaq.

Məhz bu səbəbdən proqramın icrası 10 illik müddətə nəzərdə tutulub. Çünki eyni anda bütün ərazilərdə qazıntı işləri aparmaq mümkün deyil. Şəhərdə normal həyatın davam etməsi və insanların hərəkətinin məhdudlaşmaması üçün işlər mərhələli şəkildə həyata keçirilməlidir. Məqsəd odur ki, müəyyən narahatlıqlar yaransa belə, onların təsiri minimum səviyyədə olsun.

Digər mühüm məsələ ekoloji amillərlə bağlıdır. Toplanan suların düzgün şəkildə təmizlənməsi vacibdir. Bu məqsədlə Abşeron yarımadasında 9 yeni tullantı sularının təmizləyici qurğusunun tikilməsi planlaşdırılır. Bu qurğularda sular bioloji üsullarla təmizlənəcək və mümkün qədər yenidən istifadəyə yönəldiləcək.

Eyni zamanda təmizlənmiş suların hansı istiqamətlərə yönləndiriləcəyi, hansı boru xətləri və marşrutlar vasitəsilə istifadə yerlərinə çatdırılacağı da ayrıca planlaşdırılır.

7 kollektor və bəzi təmizləyici qurğular üzrə işlər artıq başlanıb, digər layihələrin isə layihələndirmə mərhələsi davam edir. Layihələr hazırlanarkən bütün bu potensial çətinliklər və onların həlli yolları da nəzərə alınır.

- "Report İA": Bəzən insanlar qanunsuz olaraq su xətlərinə qoşulur, su təsərrüfatı obyektlərinin mühafizə zolaqlarında tikinti işləri aparırlar. Belə səhvlərdən daha hansıları sadalaya bilərsiz? Yəni ən azından Dövlət Proqramının icrası zamanı eyni problemlərlə yenidən üz-üzə qalmayaq.

- Çox düzgün məqama toxundunuz. Qanunsuz qoşulmalar, kollektorların və ya su magistrallarının üzərində tikilmiş evlər bizim üçün həm hazırda müşahidə etdiyimiz problemlərin yaranmasına səbəb olur, həm də ciddi fəsadlar yaradır. Bu hallar həmin xətlərin istismarında böyük çətinliklər yaradır.

Amma bu məsələni yalnız su itkisi kimi qiymətləndirməməliyik. Çünki hazırda suyun böyük hissəsi məhz belə qanunsuz qoşulmalar vasitəsilə istifadə olunur və bu, sistemdə ciddi itkilərə səbəb olur.

Bunun başqa fəsadları da var. Qanunsuz qoşulmaların olduğu yerlərdə sızmalar baş verə bilər, yaxud borular başqa bir nöqtədə partlaya bilər. Belə hallarda su yerin altı ilə hərəkət edərək tam başqa bir ərazidə üzə çıxır. Biz həmin qoşulmalar barədə məlumatlı olmadığımız üçün problem tam fərqli bir yerdə ortaya çıxır. Halbuki problemin mənbəyi hansısa qanunsuz qoşulma olur.

Digər ciddi problemlərdən biri də Abşeron yarımadasında 300-dən çox gölün mövcud olmasıdır. Bu göllər təbii su toplayıcılarıdır. Lakin son 25 ildə quraqlıq dövrlərində bir çox göllərin səviyyəsi aşağı düşdükcə bəzi şəxslər həmin əraziləri qurudaraq orada evlər tikiblər və bu evləri ucuz qiymətə satışa çıxarıblar.

İnsanlar isə çox vaxtı həmin evlərin ucuzluğuna aldanaraq onları alırlar. Amma güclü yağışlar zamanı həmin ərazilər yenidən sutoplayıcı funksiyasını yerinə yetirir. Nəticədə həm evlər su altında qalır, həm də həmin göllərin suyunun axıdılması üçün təbii çıxış nöqtəsi olmur. Çünki həmin ərazilər əslində təbii su hövzələridir.

Bu kimi hallar da bizim üçün ciddi çətinliklər yaradır. Məsələn, Keşlədə yaranan problemlərdən biri də məhz bu vəziyyətlə bağlıdır. Həmin ərazilərdə yığılan suyun çıxarılması üçün biz onu kollektorlara yönləndirməli oluruq. Bu isə kollektorların həddindən artıq yüklənməsinə və suyu daşıya bilməməsinə səbəb olur.

Nəticədə bir ərazidə yaranan problem tam başqa bir bölgədə yeni problemlərin ortaya çıxmasına gətirib çıxarır.

- "Xəzər TV": Zaur müəllim, Bakı və Abşeron yarımadasında kanalizasiya sisteminin genişləndirilməsinin vacibliyi artıq ciddi şəkildə hiss olunur. Bildiyimiz kimi, yaşayış evlərinin və ərazilərin əksəriyyəti hələ də kanalizasiya sisteminə qoşulmayıb və "sambo" üsulundan istifadə edir. Bu isə müxtəlif problemlərə səbəb olur. Ümumiyyətlə, kanalizasiya sisteminə qoşulmayan evlərin və yaşayış məntəqələrinin sayı ilə bağlı məlumat varmı və bu vəziyyət gələcəkdə hansı daha ciddi fəsadlara səbəb ola bilər?

- Əgər yalnız kanalizasiya sistemindən danışırıqsa, Bakı və Abşeron yarımadasında əhalinin təxminən 52 %-i kanalizasiya sisteminə qoşulub. Ərazi baxımından isə yarımadanın cəmi 39 %-i bu xidmətlə təmin olunur.

Qalan 60 % ərazidə isə vəziyyət fərqlidir. Bəzi yerlərdə primitiv şəkildə xırda şəbəkələr qurulub və çirkab suları bir çuxura, müəyyən əraziyə və ya göllərə axıdılır. Digər hallarda isə "şambo" sistemindən istifadə olunur.
Ətraflı

Bu isə bir sıra problemlərə səbəb olur. Güclü yağışlar zamanı yeraltı suların səviyyəsi qalxır və bu sular çirklənməyə məruz qalır. Burada sanitar-epidemioloji risklər də çox böyükdür. Çünki "şambo"lardan axan çirkab sular yeraltı suların çirklənməsinə səbəb olur.

Bütün bu problemlərin həllinin əsas yolu isə yeni kollektorların tikilməsidir. Həmin kollektorlar inşa edildikdən sonra bu ərazilərdə kanalizasiya şəbəkələri qurulacaq və çirkab suları "sambo"lar vasitəsilə deyil, kanalizasiya sistemi ilə kənarlaşdırılacaq.

Eyni zamanda nəzərdə tutulur ki, yağış suları kanalizasiya sisteminə daxil olmasın və xüsusi kanallar vasitəsilə birbaşa dənizə yönəldilsin. Bu isə həm kanalizasiya sisteminin yüklənməsinin qarşısını alacaq, həm də ekoloji və sanitar problemlərin azalmasına kömək edəcək.

- "Report İA": Sənədsiz evlərə su xəttinin çəkilməməsi qanunsuz inşa edilən evlərin sayının artmasının qarşısını ala biləcəkmi?

- Belə bir qayda 2024-cü ildə Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə qəbul olunub. Bu qərar yalnız su təchizatı ilə bağlı deyil, ümumiyyətlə bütün kommunal xidmətləri əhatə edir. Yəni qanunsuz və sənədsiz evlərə su, işıq və qaz xətlərinin çəkilməsi artıq qadağandır və bu qaydanın pozulmasına görə cinayət məsuliyyəti də nəzərdə tutulur.

Təbii ki, bu, müəyyən mənada stimullaşdırıcı amillərin azalmasına səbəb olacaq. Yəni insanlar düşünəcəklər ki, əgər tikdikləri ev sənədsiz olarsa, onlar nə su, nə qaz, nə də elektrik enerjisi əldə edə biləcəklər. Bu da həmin evlərin tikilməsi qərarına müəyyən təsir göstərə bilər.

Amma yalnız bu tədbirin tətbiqi ilə problemin tam həll olunacağını düşünmək düzgün olmaz. Bunu gözləmək bir qədər sadəlövhlük olardı. Çünki burada Torpaq Məcəlləsi, torpaqdan istifadə qaydaları və tikintiyə icazələrinin verilməsi kimi məsələlər də var və bu prosesdə digər dövlət qurumları da aktiv rol oynamalıdır. Əslində, bu mexanizmlər vaxtında işləmədiyi üçün bu gün həmin fəsadlarla qarşılaşırıq.

Təbii ki, yeni qayda müəyyən təsir göstərəcək. İnsanlara deyiləcək ki, həmin evlərə su, qaz və işıq verilməyəcək. Lakin nəzərə almaq lazımdır ki, insanlar alternativ yollar da tapa bilərlər. Məsələn, suyu maşınla gətirə və ya başqa mənbələrdən əldə edə bilərlər.

Ona görə də nəzarət yalnız kommunal xidmətlərlə məhdudlaşmamalıdır. Digər qurumlar da koordinasiyalı şəkildə fəaliyyət göstərməli və qanunsuz tikililərin inşasına ümumiyyətlə imkan verilməməlidir. Düşünürəm ki, bu qərardan sonra əvvəlki illərlə müqayisədə yeni qanunsuz tikililərin sayı azalacaq. Lakin əsas problem artıq mövcud olan, tikilmiş və sənədsiz evlərlə bağlıdır və onların taleyi də müəyyən şəkildə həll olunmalıdır.

- "Report İA": Dövlət Proqramında yeni və maraqlı layihələrdən biri də dəniz suyunun duzsuzlaşdırılması prosesidir. Bu suyun keyfiyyəti necə olacaq? Dəniz suyunun duzsuzlaşdırılması ekosistemə təsir edəcəkmi? Bu barədə məlumat verməyinizi xahiş edirik.

- Bu barədə cəmiyyətdə geniş müzakirələr aparılır və insanlar tərəfindən maraqla qarşılanır. Çünki Azərbaycanda ilk dəfə belə bir layihə həyata keçirilir. Bildiyiniz kimi, dəniz suyunun duzsuzlaşdırılması və onun içməli su kimi istifadəsi məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində artıq Sumqayıt şəhəri yaxınlığında tikintiyə başlanılıb. Bu duzsuzlaşdırma zavodu ildə 100 milyon kubmetr su istehsal edəcək ki, bu da hazırda Bakıda istifadə olunan suyun təxminən 25 %-ini təşkil edir. Bu, əslində, çox böyük bir göstəricidir.

Qeyd etmək lazımdır ki, bu texnologiya dünyada yeni deyil və geniş istifadə olunur. Hətta mövcud sutəmizləyici qurğular da eyni prinsip əsasında işləyir: su müxtəlif filtrlərdən keçirilərək tərkibindəki çirkləndiricilərdən təmizlənir, daha sonra xlorlanır və bioloji təmizləmə prosesindən keçərək içməli su kimi təqdim olunur.

Duzsuzlaşdırma zavodlarında isə istifadə olunan filtrlər daha yüksək dəqiqliyə malikdir - onların məsamələri o qədər kiçikdir ki, təkcə çirkləndirici maddələri deyil, hətta suda həll olmuş duzları da ayırır. Texnoloji baxımdan proses oxşardır, lakin burada təzyiq daha yüksəkdir. Məsələn, adi filtrlər 30-40 atmosfer təzyiqdə işlədiyi halda, duzsuzlaşdırma prosesində bu göstərici 70 atmosferə qədər yüksələ bilir ki, duzun da ayrılması mümkün olsun.

Bu texnologiya dünyada geniş yayılıb və xüsusilə Yaxın Şərq ölkələrində, o cümlədən Ərəbistan yarımadasında içməli su təminatının əsas mənbələrindən biridir. Su keyfiyyəti baxımından da heç bir problem yoxdur. Əksinə, daha sıx filtrasiya səbəbilə bəzi hallarda daha təmiz su əldə olunur. Daha sonra suyun tərkibinə bioloji olaraq zəruri minerallar əlavə edilərək içməyə yararlı hala gətirilir. Yəni, təhlükəsizlik və sağlamlıq baxımından heç bir çatışmazlıq yoxdur, hətta bəzi hallarda daha üstün keyfiyyətə malik ola bilər.

Layihənin ekoloji tərəfinə gəldikdə isə, təbii ki, bu məsələyə xüsusi diqqət yetirilir. Layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində konsorsium tərəfindən idarə olunur və maliyyələşmə kreditləri vasitəsilə həyata keçirilir. Bütün beynəlxalq kredit təşkilatları ətraf mühitə təsirin qiymətləndirilməsinə xüsusi önəm verirlər. Bu layihə çərçivəsində də müvafiq ekoloji qiymətləndirmələr aparılıb.

Dəniz suyundan çıxarılan əlavə duzun yenidən dənizə qaytarılması prosesinin su ekosisteminə, biomüxtəlifliyə, flora və faunaya təsiri ölçülüb və beynəlxalq standartlar çərçivəsində minimal səviyyədə olduğu müəyyən edilib. Layihə həm beynəlxalq ekspertlər, həm də maliyyə institutlarının qəbul etdiyi ekoloji tələblərə uyğun şəkildə dizayn olunub və həyata keçiriləcək.

Nəticə etibarilə, tamamilə təsirsiz bir texnologiya yoxdur, lakin bu layihədə təsir mümkün olan ən aşağı səviyyəyə endirilib və icazə verilən beynəlxalq standartlar daxilində saxlanılıb.

- "Xəzər TV": Zaur müəllim, keyfiyyətdən danışmışkən, ADSEA rəsmi olaraq bildirir ki, laboratoriyalarda su test edilir və ən yüksək keyfiyyət təmin olunur. Lakin boruların keyfiyyəti ilə bağlı məsələlər var. Bildiyimiz kimi, boruların vəziyyəti suyun keyfiyyətinə təsir edə bilər. Eyni zamanda, yeni tikilən ərazilərdə su çənlərinin düzgün təmizlənməməsi də suyun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu problemlər nə dərəcədə təxirəsalınmaz tədbirlər tələb edir və bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulur? Həm borulara nəzarət, həm də MTK-ların fəaliyyəti ilə bağlı vəziyyət necə tənzimlənir?

- Dövlət Su Ehtiyatları Agentliyi Bakı ətrafında 12 mənbədən, 35 su anbarından və 49 məntəqədən kimyəvi və fiziki nümunələr götürür. Bununla yanaşı, 5 mikrobioloji nümunə də analiz olunur. Bu proses Azərbaycan standartlarına uyğun şəkildə aparılır və şəbəkəyə verilən suyun tam təhlükəsiz və keyfiyyətli olması təmin edilir.

Dediyiniz kimi, digər problemlər artıq şəbəkə daxilində və ya MTK-ların çənlərində yarana bilər. Dövlət Proqramı çərçivəsində biz təkcə kanalizasiya sistemini deyil, həm də içməli su şəbəkələrindəki köhnəlmiş boruların yenilənməsini nəzərdə tutmuşuq. Bu borular mərhələli şəkildə yeniləri ilə əvəz olunacaq.

Amma əsas problemlərdən biri MTK-ların daxili su çənləri ilə bağlıdır. Bildiyiniz kimi, çoxmərtəbəli binalarda yerləşən böyük su çənləri suyu mərtəbələrə ötürmək üçün istifadə olunur. Yeni qəbul olunmuş AZS 909 standartına əsasən, həmin çənlər ildə azı bir dəfə boşaldılmalı və təmizlənməlidir.

Bu istiqamətdə ADSEA-nın tabeliyində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb. Bu qurum digər aidiyyəti təşkilatlarla və regional su xidmətləri ilə birlikdə MTK-ların fəaliyyətinə nəzarət edir, yoxlamalar aparır və təmizləmə işlərinin vaxtında və düzgün həyata keçirilməsini təmin edir.

Artıq bu sahədə müəyyən nəticələr də əldə olunub: bir çox hallarda aktlar tərtib edilir, protokollar imzalanır və inzibati tədbirlər görülür. Bununla da MTK-ların müvafiq standartlara uyğunlaşması təmin edilir.

Lakin burada məsələ təkcə Dövlət Su Ehtiyatları Agentliyinin və ya nəzarət xidmətinin üzərinə düşmür. MTK-larda yaşayan vətəndaşlar da bu prosesdə maraqlı tərəf olmalıdırlar. Çünki bu, onların yaşadığı binaların su keyfiyyəti ilə birbaşa bağlıdır.

Ona görə də MTK-ları idarə edən kooperativlər də bu işdə fəal olmalı, çənlərin standartlara uyğun şəkildə təmizlənməsinə nəzarət etməlidirlər. Əgər hər hansı uyğunsuzluq olarsa, vətəndaşlar da bizə məlumat verə bilərlər və biz dərhal müdaxilə edirik.

Yəni, biz dəstək göstəririk və lazım olduqda təmizlənməni özümüz də təmin edirik. Bizim üçün əsas məsələ çənin kimin tərəfindən təmizlənməsi deyil, onun təmiz və təhlükəsiz vəziyyətdə olmasıdır.

- "Report İA": Paytaxtda texniki su ilə içməli suyun ayrılması nəzərdə tutulurmu?

- Əslində, bu, çox vacib bir məsələdir. Çünki içməli su uzun və mürəkkəb bir prosesdən keçir. Biz suyu çox vaxt sadə bir resurs kimi qəbul edirik, amma çaylardan götürülən su böyük təmizlənmə mərhələlərindən keçdikdən sonra şəbəkəyə verilir və yalnız bundan sonra insanların içməsi üçün yararlı olur. Bu suyun suvarma, soyutma və ya digər texniki məqsədlər üçün istifadəsi isə o qədər də məqsədəuyğun deyil.

Bu istiqamətdə bəzi pilot layihələrimiz var. Məsələn, Hövsan qəsəbəsində təmizləyici qurğumuz mövcuddur. Onun reabilitasiyası üzərində iş aparılır, texniki əsaslandırma artıq tamamlanıb və maliyyələşmə təmin olunduqdan sonra tikinti işlərinə başlanılacaq. Burada əldə olunan suyun texniki məqsədlər üçün sənaye və kənd təsərrüfatında təkrar istifadəsi nəzərdə tutulur. Bu, pilot layihə kimi həyata keçiriləcək.

Bundan əlavə, planlaşdırdığımız digər 9 təmizləyici qurğu layihəsində də bu yanaşma nəzərə alınıb. Yəni həmin qurğulardan çıxan suyun yalnız içməli su kimi deyil, eyni zamanda təkrar istifadə məqsədləri üçün yönləndirilməsi planlaşdırılır.

Burada əsas məqam ondan ibarətdir ki, texniki su şəbəkəsi ilə içməli su şəbəkəsi tamamilə bir-birindən ayrılmalıdır. Az əvvəl qeyd etdiyimiz qanunsuz qoşulmalar məsələsi burada da aktualdır. Qanunsuz qoşulma həm su itkisi, həm də nəzarətsiz istifadə deməkdir. Lakin texniki su şəbəkəsinə nəzarətsiz qoşulmalar sağlamlıq baxımından risk yarada biləcəyi üçün bu şəbəkələr tamamilə ayrı infrastrukturlar üzərindən qurulmalı və yalnız təyinatı üzrə istifadə edilməlidir. Bu da bizim əsas planlarımızdan biridir.

- "Report İA": Bu, nə vaxt həyata keçiriləcək?

- Hövsanda layihə bu il başlayacaq. Hazırda layihələndirmə və hazırlıq işləri aparılır. Təxmini olaraq, 1-2 il ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Bundan sonra həmin suyun istifadə olunacağı istiqamətlər də artıq müəyyənləşdirilib.

Əsas məqsəd Abşeronun şərq hissəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasıdır. Çünki həmin ərazilərin su təminatı hazırda Taxtakörpü su anbarından Abşeronun xaricinə kanal vasitəsilə gətirilən su hesabına həyata keçirilir. Lakin təmizlənmiş suyun bu istiqamətə yönləndirilməsi həmin resurslara qənaət etməyə imkan verəcək.

Digər bölgələrdə də oxşar yanaşma tətbiq olunacaq. Məsələn, Sumqayıtda sənaye zonası mövcuddur. Orada fəaliyyət göstərən təmizləyici qurğu artıq işləyir və onun modernləşdirilməsi planlaşdırılır. Eyni zamanda, onun yanında gündəlik 100 min kubmetr gücündə yeni təmizləyici qurğunun tikintisi nəzərdə tutulub.

Sumqayıt ətrafındakı sənaye bölgəsində həmin su texniki su kimi istifadə olunacaq. Eyni yanaşma Ələt İqtisadi Zonasında da tətbiq ediləcək. Orada da təmizləyici qurğunun layihələndirilməsi aparılır və tikintisinə başlanılması planlaşdırılır. Həmin ərazidə texniki suya ehtiyac olan sahələr müəyyən edilib və su həmin istiqamətlərdə istifadə olunacaq.

Ümumilikdə, bütün bu layihələr planlı və mərhələli şəkildə həyata keçiriləcək.

- "Xəzər TV": İşğaldan azad olunmuş ərazilərdə kifayət qədər zəngin su mənbələri mövcuddur. Bu ərazilərdə şəhərlərin su təchizatı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Sular həm mərkəzə, həm də bölgələrə necə təmin edilir? Eyni zamanda Bakının içməli su təminatı ilə bağlı elə bir layihə nəzərdə tutulurmu ki, işğaldan azad olunmuş ərazilərin su ehtiyatları Bakıya da dəstək versin?

- Azərbaycanın su ehtiyatlarının təxminən 70 %-i transsərhəd çaylardan gəlir, 30 %-i isə daxili su resurslarımızdır. Bu 30 %-in böyük hissəsi məhz Qarabağ bölgəsinin payına düşür. Yəni Qarabağ su ehtiyatları baxımından əsas mənbələrdən biri hesab olunur (dəniz suyunun duzsuzlaşdırılması layihəsini nəzərə almasaq).

Sizin qeyd etdiyiniz kimi, Suqovuşan tənzimləyici anbar funksiyasını yerinə yetirir. Bundan əlavə, Sərsəng su anbarı da mövcuddur ki, onun tutumu 560 milyon kubmetrdir. Bu il onun təmirinə başlanılacaq. Çünki həmin su ehtiyatlarından uzun müddət düzgün və dayanıqlı istifadə olunmayıb.

Təmir işlərindən sonra həmin su ehtiyatları Aran bölgəsində - Ağdam, Bərdə, Ağcabədi və digər ərazilərdə 100 min hektardan çox torpaq sahəsinin suvarılmasında istifadə olunacaq. Bu məqsədlə "Tərtər" sol sahil kanalı artıq inşa edilib, "Tərtər" sağ sahil kanalının isə layihələndirilməsi aparılır və tikintisinə başlanacaq.

Bundan başqa, Həkəri və Bərguşad çayları da mühüm su mənbələridir. Bərguşad çayı üzərində anbarın tikintisinə artıq başlanılıb və orada 60 milyon kubmetrdən çox tutuma malik su anbarı inşa ediləcək. Zabuxçay üzərində isə 27 milyon kubmetr tutumlu yeni anbar artıq tikilib və istifadəyə verilib. Bu layihə 12 min hektarlıq əkin sahəsinin suvarılmasına xidmət edəcək.

Yaxın illərdə Həkəri çayı üzərində də yeni su anbarının tikintisi nəzərdə tutulur. Təxminən 90 milyon kubmetr tutuma malik olacaq bu anbar daha çox içməli su təminatına xidmət edəcək. Çünki onun su hövzəsi tamamilə Azərbaycan ərazisində yerləşir və təbii yağıntılar hesabına formalaşan, keyfiyyətli və təmiz sudur.

Bu su ehtiyatlarından həm Qarabağda məskunlaşma prosesində içməli su təminatı üçün, həm də digər bölgələrdə istifadə olunması nəzərdə tutulur. Hazırda Həkəri suyunun Bakıya qədər gətirilməsi də araşdırılır. Əgər texniki və iqtisadi əsaslandırmalar uyğun olarsa, bu layihə hökumətə təqdim ediləcək və müsbət qərar veriləcəyi təqdirdə həyata keçiriləcək.

Eyni zamanda, Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafına bu anbarlar çox böyük töhfə verəcək. Ümumilikdə, Qarabağda 140 min hektardan çox əkin sahəsi mövcuddur və onların suvarılması təmin olunacaq. Həmin sular Araz çayı vasitəsilə Mil-Muğan suvarma sisteminə qədər çatırdı, lakin indi bu resurslar daha səmərəli şəkildə, kanal sistemləri vasitəsilə itkisiz idarə oluna bilər.

Burada əsas məsələ müasir suvarma sistemlərinə keçiddir. Çünki bu suların yaradılması və gətirilməsi böyük investisiyalar tələb edir. Ona görə də hər damla suyun səmərəli istifadəsi vacibdir. Ənənəvi səthi suvarma üsulları artıq effektivliyini itirir.

Biz istəyirik ki, suvarma sistemi müasir texnologiyalarla - damcı və ya pivot suvarma üsulları ilə həyata keçirilsin. Bu, həm su itkisini azaldacaq, həm də məhsuldarlığın artmasına ciddi töhfə verəcək. Beləliklə, su birbaşa bitkinin kökünə çatdırılaraq daha səmərəli istifadə olunacaq və kənd təsərrüfatında daha yüksək nəticələr əldə ediləcək.

- "Xəzər TV": Bizim kanallarda su itkisi hansı səviyyədədir? Betonlama işləri aparılan bir çox kanal var. Beton üzlüklər çəkilib və bu, müəyyən qədər itkilərin qarşısını alır. Ümumiyyətlə, kanallarda su itkisinin azaldılması üçün hansı işlər görülür?

- Bəli, suvarma kanallarında su itkisi yüksəkdir. Ümumi sistem üzrə suvarmada təxminən 50 %-ə yaxın itki mövcuddur. Bu, təkcə kanallarla bağlı məsələ deyil. Eyni zamanda səthi suvarma üsulunun özü də böyük itkilərə səbəb olur.

Belə ki, bir hektar ərazinin suvarılması üçün, məsələn, taxıl bitkisi üzrə 1000-1100 kubmetr su tələb olunsa da, həmin suyun bitkiyə çatması üçün bəzən 2000-3000 kubmetr su verilir. Bu su sahələr üzrə səthlə axaraq yenidən kollektorlara, oradan isə dənizə qədər gedib çıxır. Nəticədə ümumi itki 50 %-dən də yüksək olur.

Dediyiniz kimi, bu problemin həlli iki əsas istiqamətdə aparılmalıdır: birincisi, suvarma sistemlərinin təkmilləşdirilməsi və müasir suvarma üsullarına keçid, ikincisi isə kanalların betonlaşdırılması və ya qapalı suötürmə sistemlərinə keçirilməsidir. Bu istiqamətdə artıq ciddi işlər görülür.

Məsələn, Şirvan suvarma kanalı üzərində işlərə başlanılıb və bu layihənin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Bu, Azərbaycanın ən böyük suvarma kanalı olacaq. Uzunluğu 170 kilometrdən çox, suötürmə qabiliyyəti isə saniyədə 180 kubmetrədək olacaq. Yəni Kür çayından götürülən suyun təxminən yarısı qədər həcmdə suyun ötürülməsi mümkün olacaq və bu su itkisiz, sızma olmadan son nöqtəyə qədər çatdırılacaq.

Bu layihə yalnız itkilərin azalmasına deyil, eyni zamanda qənaət edilən su hesabına daha geniş ərazilərin suvarılmasına imkan yaradacaq. Nəticədə Şirvan suvarma kanalı vasitəsilə 200 min hektardan çox ərazi suvarılacaq.

Bununla yanaşı, Qarabağ Suvarma Kanalının layihəsi də davam etdirilir. Hazırda onun yenidən qurulması ilə bağlı maliyyə institutları ilə danışıqlar aparılır. Mingəçevirdən başlayaraq Araz çayına qədər uzanan Qarabağ kanalının da yenidən bərpası nəzərdə tutulur.

- "Xəzər TV": Zaur müəllim, yağışlar zamanı sosial mediada tez-tez belə bir fikir səsləndirilir ki, yağış sularını toplamaq və sonradan istifadə etmək su qıtlığının qarşısını ala bilər. Dağlardakı qar örtüyünün azalması və buzlaqların geri çəkilməsi də birbaşa su mənbələrinə təsir edən amildir. Bəs yağış sularını toplayıb sonradan istifadə etmək nə dərəcədə effektivdir?

- Yağış sularının toplanması üçün ilk növbədə uyğun toplama infrastrukturunun olması lazımdır. Bəzi ərazilərdə mövcud anbarlar yalnız qar suları ilə deyil, eyni zamanda yağış nəticəsində yaranan daşqın suları ilə də dolur. Yəni, yağış suları da müəyyən çaylar vasitəsilə həmin anbarlara yönləndirilərək toplanır.

Lakin Bakı-Abşeron yarımadasında vəziyyət bir qədər fərqlidir. Burada əvvəllər 300-dən çox göl mövcud idi və həmin təbii göllər yağış sularının toplandığı əsas yerlər idi. Lakin zamanla bu sistemin bir hissəsi dəyişib və bəzi yerlərdə şoran sularla qarışma halları da müşahidə olunur. Buna görə hər bir əraziyə fərdi yanaşmaq lazımdır.

Bəzi yerlərdə, məsələn, yaşıllaşdırma sahələrində kiçik həcmli çənlər qurularaq yalnız həmin park və ya yaşıllıq zonası üçün yağış sularının toplanması və istifadəsi mümkündür. Bu istiqamətdə müəyyən layihələr də həyata keçirilir.

Bakıda və digər bölgələrdə yeraltı suların və yağış nəticəsində toplanan suların istifadəsi ilə bağlı pilot layihələr də mövcuddur. ADSEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu sular toplanaraq ya boru xətləri, ya da nəqliyyat vasitələri ilə daşınmaqla suvarma məqsədilə istifadə olunur.

Lakin yağış sularını yalnız kiçik həcmdə toplamaq böyük miqyasda ciddi effekt vermir. Bu, daha çox lokal ərazilərə təsir göstərə bilər. Əsas su ehtiyatlarımız isə böyük su anbarlarında toplanır. Məsələn, Mingəçevir su anbarının həcmi 15,7 milyard kubmetrdir. Ceyranbatan su anbarının həcmi isə 186 milyon kubmetrdir və Taxtakörpü su anbarından gələn sularla qidalanır.

Təsəvvür edin ki, təkcə Abşeronda iki gün ərzində yağan yağışın həcmi 300 milyon kubmetrdən çox ola bilər. Bu qədər suyu toplamaq üçün eyni həcmdə böyük infrastruktur tələb olunur ki, bu da hər yerdə texniki baxımdan mümkün deyil.

Ona görə də yağış sularının toplanması mümkün olan ərazilərdə araşdırılır və istifadə oluna biləcək yerlərdə mərhələli şəkildə tətbiq edilir.

- "Report İA": Çox sağ olun, Zaur müəllim, sualları ətraflı cavablandırdığınız üçün. Cənab Prezident də demək olar ki, hər çıxışında medianın rolunu xüsusi olaraq qeyd edir. Biz bilirik ki, hər bir qurumunun media ilə öz kommunikasiya planı var. Mənə maraqlıdır, sizin digər həmkarlarımıza hazırkı görülən işlərlə bağlı nə mesajınız olardı ki, həm sizin işiniz daha asan olsun, həm də media nümayəndələrinin fəaliyyəti daha səmərəli qurulsun?

- Mən ilk sualınızda bir məqamı vurğuladım ki, bu hadisələr zamanı bir çox dövlət qurumu ilə - adlarını da qeyd etdim - sıx əməkdaşlıq nəticəsində bir çox məsələlərə nail ola bildik. O iki-üç gün ərzində göstərilən qarşılıqlı dəstək və koordinasiya bir çox fəsadların qarşısını aldı. Bu da onu göstərir ki, biz birlikdə olduqda daha böyük nəticələr əldə edə bilərik.

Məncə, biz bunu yalnız dövlət qurumları, özəl şirkətlər, media portalları və ya xəbər kanalları çərçivəsində deyil, bütövlükdə cəmiyyət olaraq düşünməliyik. Vətəndaşların maarifləndirilməsi də, təbii ki, əsasən media vasitəsilə həyata keçirilir. Mən düşünürəm ki, media bu prosesdə bizə çox böyük dəstək verir - həm hadisələrin işıqlandırılması, həm də operativ məlumatların ötürülməsi baxımından. Bu məlumatlar bizə də çatır və biz də həmin məlumatlar əsasında vaxtında müdaxilə edə bilirik.

Lakin burada təkcə problemi göstərmək kifayət deyil. Eyni zamanda, onun necə həll olunduğunu da göstərmək vacibdir. Bugünkü müsahibə də düşünürəm ki, bu baxımdan çox önəmlidir - verilən suallar və açıqlamalar vasitəsilə insanlara bir çox məsələlər aydınlaşdırılır, görülən işlər və planlar barədə məlumat verilir. Bu da geniş auditoriyaya çatdırıla bilir.

Bu, insanların həm daha səbirli yanaşmasına, həm də proseslərə dəstək verməsinə kömək edir. Yəni insanlar təkcə problemin mövcud olduğunu deyil, onun həlli istiqamətində görülən işlərlə tanış olurlar.

Biz birlikdə işlədikdə problemin mövcudluğunu qəbul edirik, lakin eyni zamanda onun həlli üçün hamımız çiyin-çiyinə verərək hərəkət etməliyik. Medianın da burada böyük rolu var.

Bu fürsətdən istifadə edərək verilişinizə də uğurlar arzulayıram. Məncə, bu, çox yaxşı bir platformadır. Çünki rəhbərlərin yalnız hansısa sayt və ya media portal vasitəsilə deyil, birbaşa, üz-üzə çıxış edərək sualları cavablandırması daha effektivdir. Bu, insanlara kimin nə etdiyini, nə üçün etdiyini, eləcə də hansı səbəbdən müəyyən addımların gecikdiyini daha aydın şəkildə göstərir.

Milli.Az

Seçilən
12
3
milli.az

4Mənbələr