AZ

Netanyahuya 4500 il həbs tələbi – Türkiyədə…

Türkiyə prokurorluğu İsrailin Baş naziri Benyamin Netanyahu və daha 34 yüksəkrütbəli İsrail rəsmisi barəsində görünməmiş cəza tələbi ilə çıxış edib. “Hurriyet” qəzetinin yaydığı məlumata görə, prokurorluq təqsirləndirilən şəxslərin hər biri üçün 1100 ildən 4500 ilə qədər həbs cəzası istəyib. Hazırlanmış genişhəcmli ittihamnamə artıq İstanbulun 10-cu Ağır Cəza Məhkəməsinə təqdim olunub.

NOCOMMENT.az xəbər verir ki, ittiham aktında qeyd olunan cinayət tərkibinə soyqırım, azadlıqdan məhrum etmə, işgəncə və qəddar rəftar, əmlaka zərər vurma, soyğunçuluq və nəqliyyat vasitələrinin müsadirəsi kimi ağır maddələr daxildir. Bu ittihamlar İsrail ordusunun Qəzza zolağına humanitar yardım aparmağa çalışan mülki dəniz təşkilatının gəmilərinə qarşı həyata keçirdiyi hərbi əməliyyatla bağlıdır.

Təqsirləndirilən şəxslər arasında Netanyahudan başqa, İsrailin hazırkı müdafiə naziri İsrael Kats, onun sələfi Yoav Qalant, irs işləri üzrə nazir Amiçay Eliyahu, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Baş Qərargah rəisi Eyal Zamir və Hərbi Dəniz Qüvvələrinin komandanı David Saar Salama kimi nüfuzlu hərbi-siyasi fiqurların adları yer alır. Bu məhkəmə prosesi Türkiyə və İsrail arasındakı onsuz da gərgin olan diplomatik münasibətlərdə yeni və daha kəskin bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
24
nocomment.az

1Mənbələr