AZ

Areq Koçinyan: Normallaşmanın əsas prinsiplərindən biri tələsməməkdir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ, 11 aprel, AZƏRTAC

Ermənistan və Azərbaycan regionda ən uzun sərhədi bölüşür. Bu sərhəd kontinental Avropada səkkizinci ən uzun sərhədlərdən biridir. Bu iki kiçik respublika üçün maraqlı fakt olmaqla yanaşı, ciddi çağırışdır. Mövcud vəziyyətdə 38 illik münaqişə fonunda irəliləmək son dərəcə çətindir. Hər iki tərəfdə böyük travma, münaqişələr, cinayətlər və vəhşiliklərlə dolu tarix mövcuddur. Bu baxımdan, prosesin həddindən artıq sürətlə aparılması ona zərər verə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, lakin şimalda və ətrafda baş verən geosiyasi proseslər gözləmir.

“Xüsusilə də bu mürəkkəb dünyada – şimalda, cənubda, qərbdə müharibə var, bəzi yerlərdə soyuq müharibəni xatırladan gərginliklər mövcuddur, şərqdə də oxşar vəziyyət hökm sürür. Bu isə regionumuzun sabitliyə olan ehtiyacını daha da artırır. Yəqin ki çox insan “flightradar” xəritələrində yayılan görüntüləri görüb. Çoxlu sayda təyyarə Cənubi Qafqaz üzərindən uçur. Çünki şimaldan uçuşlar mümkün deyil, cənub da məhduddur. Nəticədə qərbə iki əsas bağlantı qalır və bu, regionun əhəmiyyətini artırır. Bu şəraitdə normallaşma və sülh əsas prioritetə çevrilir. Bu məsələ Qərbdə, xüsusilə Avropa və ABŞ-da da diqqət mərkəzindədir. Məhz buna görə regiona maraq bu qədər artıb. Balans tapmaq lazımdır. Bir tərəfdən, mövcud geosiyasi və daxili siyasi irəliləyişi itirməmək üçün kifayət qədər sürətli hərəkət edilməlidir, digər tərəfdən isə nəzərə alınmalıdır ki, normallaşmanın əsas prinsiplərindən biri tələsməməkdir. Həddindən artıq sürət prosesi zədələyə bilər”, - deyə Areq Koçinyan vurğulayıb.

Müxbir – Leyla Muradzadə

Foto – Tofiq Babayev

Video – Mir Rəsul Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
azertag.az

2Mənbələr