AZ

Təbiətlə insan əməyinin vəhdətinin yaratdığı ecazkarlıq: Paytaxtın gül çiçəkli guşələri REPORTAJ

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 11 aprel, AZƏRTAC

Bakının bahar nəfəsi bu gün özünü ən gözəl şəkildə güllərin rəngində göstərir. Rəngbərəng güllər paytaxt küçələrinə xüsusi bir canlılıq və zəriflik bəxş etməklə yanaşı, şəhərin estetikasına daha da dəyər qatır. Şəhərin gül-çiçəkli guşələri təkcə təbiətin deyil, insan zəhmətinin də bir sənət əsəridir.

Baharın bu göz oxşayan anlarından zövq almaq üçün paytaxt küçələrinə üz tutduq. Qarşımıza çıxan bir-birindən rəngarəng, müxtəlif çeşiddə gülərlə dolu mənzərələr şəhərin ruhunu daha da işıqlı göstərir. Diqqətçəkən məqam o idi ki, şəhərin küçələrində mövcud yaşıllıqlara qulluq, yeni güllərin əkilməsi prosesi davam edirdi.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Şakir Muradov AZƏRTAC-a açıqlamasında bildirib ki, paytaxt küçələrində mövsümə uyğun güllər əkilir, fəsillərdən asılı olara qulluq qaydaları, suvarma işləri tətbiq edilir: “Yaz mövsümünə uyğun olaraq əkilən güllər arasında beqoniya, primula, salviaya üstünlük verilir. Çünki onlar istiyə dözümlü güllərdir. Yaz mövsümündə bir gündən, iki gündən bir suvarılma işləri aparılır ki, bu da hava şəraitindən, temperturdan asılıdır. Havalar isindikcə suvarmanın intensivliyi artırılır. Zədələnmiş güllər, solmuş ləçəklər təmizlənir. Yayda da güllərə mütəmadi texniki qulluq aparılır. İstəyirik ki, Bakı hər zaman abad olsun. Bunün üçün əlimizdən gələni edirik”.

Dənizkənarı Milli Park ərazisində isə sanki hər bir ləçək bu şəhərin gözəllik hekayəsinə yeni bir səhifə əlavə edir. Paytaxtın bu mənzərəsi həm yerli sakinlər, həm də qonaqlar üçün xoş ovqat yaradır. Şəhər sakinləri al-əlvan güllərin yaratdığı bu füsunkar mənzərəni fürsət bilərək tez-tez burada şəkillər çəkdirirlər. Rənglərin harmoniyası fonunda çəkilən fotolar sanki baharın ən gözəl anlarını yaddaşa köçürür. İnsanlar bu gözəlliyin bir parçasına çevrilərək həm xatirə yaradır, həm də şəhərin estetik ruhunu paylaşırlar. Güllər arasında çəkilən hər bir şəkil Bakının canlı və zərif simasını əks etdirir.

Dənizkənarı Bulvar İdarəsinin Yaşıllaşdırma şöbəsinin əməkdaşı Vüsal Niftəliyevin sözlərinə görə, ərazi Xəzər dənizi sahilində yerləşməsinə baxmayaraq, burada uyğun bitkilərin seçilməsi və düzgün qulluq qaydasının aparılması onların qorunub saxlanılmasını və inkişafını təmin edir: “Bulvar ərazisində müntəzəm olaraq müxtəlif ağaclar, dekorativ kollar və mövsümə uyğun müxtəlif rənglərdə və çeşidlərdə güllər təyin olunmuş ərazilərdə əkilir. Mövcud yaşıllıqlara isə xüsusi qulluq göstərir və onları qoruyub saxlayırıq. Yaz-yay aylarında petuniya, zinniya, tages, salvia, seloziya, senaria, kalendulaya üstünlük verilir. Onlar istini sevən bitkilərdir və uzun müddət çiçəkləmə qabiliyyətinə malikdirlər. Payız-qış mövsümündə isə alisium, viola, viola karlik, geran və lalə növlərindən istifadə olunur. Bulvarda ümumi sayı 80 min olan 8 rəngdə lalə əkilib. Lalələr soğanlı bitkilərdir. Suyu çox sevməsinə baxmayaraq, drenajı yaxşı olan torpaqlarda və günəşin bol olduğu yerlərdə daha yaxşı inkişaf edirlər. Mövsümi gülləri idarənin xüsusi istixanalarında yetişdiririk”.

Beləliklə, Bakının güllərlə bəzənmiş bu mənzərəsi şəhərin həm gözəlliyini, həm də ruhunu əks etdirir. Təbiətlə insan əməyinin vəhdəti paytaxta xüsusi bir cazibə qatır. Həmin rəngarəng görüntülər Bakının hər fəslinin özünəməxsus gözəlliyə sahib olduğunu bir daha sübut edir. Qısacası, doğma şəhərimiz bu bahar da öz zərifliyi ilə hər kəsi valeh etməyə davam edir.

Müxbir – Göyçək Mahmudlu

Videooperator – Ələkbər Baxşiyev

Fotoqraf – Orxan Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azertag.az

2Mənbələr