Milli Məclisin deputatı Azər Allahverənov parlamentdə çıxışı zamanı minatəmizləmə əməliyyatlarının əhəmiyyətindən və QHT-lərin bu istiqamətdəki rolundan danışıb.
QHT.az xəbər verir ki, deputat qeyd edib ki, Azərbaycanda Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsində ANAMA-nın və ANAMA ilə əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti yüksək qiymətləndirilməlidir. Lakin bununla yanaşı, o, bu sahədə çalışan QHT-lərin sayının çox olmadığını vurğulayıb:
“Post-münaqişə dövründə minatəmizləmə fəaliyyəti həqiqətən də xüsusi strateji əhəmiyyət daşıyan bir sahədir. Azərbaycanda Böyük Qayıdışın uğurlu şəkildə həyata keçirilməsində ANAMA-nın və ANAMA ilə əməkdaşlıq edən QHT-lərin fəaliyyətini də şübhəsiz ki, yüksək dəyərləndirirəm. Amma eyni zamanda bildirmək istəyirəm ki, bu sahədə çalışan QHT-lərin sayı elə də çox deyil. Beynəlxalq praktika göstərir ki, bu sahədə, xüsusilə də beynəlxalq donorlar məhz QHT sektoru ilə çox yaxından əməkdaşlıq edirlər. Düşünürəm ki, gələcəkdə biz bu məsələyə də xüsusi diqqəti artırmalıyıq ki, ən azından bu sahədə bilavasitə istər peşəkar kadrların hazırlanması baxımından, istərsə də maarifləndirmə və məlumatlandırma tədbirlərinin həyata keçirilməsində QHT-lərin potensialından geniş istifadə olunsun.” – deyə Azər Allahverənov qeyd edib.
Deputat eyni zamanda minatəmizləmə sahəsinə beynəlxalq donorların daha geniş şəkildə cəlb olunmasının da önəm daşıdığını qeyd edib:
“Yeri gəlmişkən, onu da deyim ki, burada önəmli məsələlərdən biri də bu sahəyə beynəlxalq donorların geniş şəkildə cəlb olunmasıdır. Çünki minatəmizləmə əslində humanitar xarakterli fəaliyyətdir. Düşünürəm ki, biz bu istiqamətdə də müəyyən addımlar atmaqla yanaşı, eyni zamanda beynəlxalq donorların geniş şəkildə bu sahəyə cəlb olunmasına nail ola bilərik.”
Deputat Azər Allahverənovun sözügedən çıxışının videosunu təqdim edirik: