Tez-tez yaranan yuxululuq maddələr mübadiləsinin pozulmasına işarə edə bilər.
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə terapevt Anastasiya Nevskaya danışıb.
Həkimin sözlərinə görə, gündüz yuxululuğunun ən yayılmış səbəblərindən biri maddələr mübadiləsini və hormonal balansı tənzimləyən endokrin sistem pozğunluqlarıdır.
O izah edib ki, şəkərli diabet zamanı insulin çatışmazlığı səbəbindən qlükoza hüceyrələr tərəfindən tam mənimsənilmir. Nəticədə qlükoza qanda qalır və hüceyrələrə enerji vermir ki, bu da yuxululuq yaradır. Yuxululuğun susuzluq hissi ilə birlikdə olması bu xəstəliyin əsas əlamətlərindən biridir.
Nevskaya əlavə edib ki, gündüz yuxululuğunun digər səbəblərindən biri qalxanabənzər vəzin fəaliyyət pozğunluqlarıdır. Hipotireoz zamanı bu vəz kifayət qədər hormon ifraz etmir, nəticədə maddələr mübadiləsi zəifləyir. Bu isə hətta kifayət qədər yuxudan sonra belə yorğunluq və yuxululuq yaradır.
Həkim qeyd edib ki, yuxululuq həmçinin orqanizmdə oksigen çatışmazlığı – xroniki hipoksiya ilə də bağlı ola bilər. Bu hal bronxit və bronxial astma kimi ağciyər xəstəlikləri, eləcə də siqaret çəkmə nəticəsində yaranır.
Digər səbəblərdən biri isə obstruktiv yuxu apnesi sindromu ola bilər. Bu zaman insan yatarkən nəfəsi qısa müddətlik dayanır, nəticədə orqanizm kifayət qədər oksigen almır və gündüz güclü yuxululuq yaranır.
Bundan əlavə, yuxululuq anemiya və qan dövranı pozğunluqları ilə də əlaqəli ola bilər.
Həmidə İbrahimova