AZ

İran və ABŞ çıxılmaz vəziyyətdə: Münaqişə yenidən alovlana bilər?

ABŞ kəşfiyyatı Çinin qarşıdakı həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırdığı barədə məlumat əldə edib.

CNN-nin məlumatına görə, kəşfiyyat xidməti bu məsələ ətrafında ciddi araşdırmalar aparıb.

Qeyd edilib ki, Çin atəşkəsdə vasitəçilik etdiyini nəzərə alsaq, bu addım ABŞ üçün təhdid yaradır və İran hakimiyyəti xarici ölkələrin köməyi ilə müəyyən silah sistemlərini yeniləmək üçün atəşkəsdən sui-istifadə edir.

Kəşfiyyat xidmətinin hesabatında vurğulanır ki, Çin əsasən müharibə zamanı aşağıdan uçan ABŞ təyyarələri üçün təhlükə yaradan “MANPADS” adlı zenit sistemlərini İrana göndərməyi planlaşdırır.

Bu arada ABŞ Yaxın Şərqdə qüvvələrini artırır və regiona minlərlə əsgər göndərilir. Vaşinqton indiyə qədər Yaxın Şərqin müxtəlif bölgələrinə 50 000-dən çox əsgər göndərib və onların sayı artmaqda davam edir. Minlərlə dəniz piyadası San Dieqodan bölgəyə sürətlə daşınır.

İddialara görə, iki həftəlik atəşkəsdən sonra və ya İslamabaddakı danışıqların uğursuzluğa düçar olacağı təqdirdə ABŞ-İsrail və İran arasında hərbi qarşıdurmanın yenidən şiddətlənməsi gözləniləndir.

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən başlaması yalnız bu halda mümkün ola bilər:

“Bu gün İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran rəsmiləri arasında görüşün keçirilməsi planlaşdırılır. İran tərəfi İslamabaddakı görüşə çox böyük nümayəndə heyəti ilə gəlib.

Amerika tərəfinin nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens və İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir. İran XİN rəhbəri Abbas Araqçinin də görüşdə iştirakı gözlənilir.

Bir aydan çox davam edən müharibədən sonra tərəflər arasında bir aylıq atəşkəs elan olunub. Atəşkəsə konkret danışıqlara getmək üçün razılıq verilib. Bu danışıqlarda nəticənin əldə olunması ehtimalı var, eyni zamanda tərəflərin mövqelərində ziddiyyətli məqamlar da var.

Hər iki tərəf bir-birinə qəbuledilməz şərtlər irəli sürüb. Ümid olunur ki, danışıqlarda tərəflər hər hansı razılaşmaya gələcəklər. Yox, əgər danışıqlar heç bir nəticə verməsə, hərbi qarşıdurmanın yenidən alovlanması istisna olunmur. 

Çünki hər iki tərəf, xüsusilə də ABŞ öz hədəfinə çatmaqda qərarlıdırlar və bunun üçün hücum taktikasına üstünlük verir”.

Seçilən
45
50
cebheinfo.az

10Mənbələr