GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Dövlət Duması tərəfindən qəbul edilmiş qanunu imzalayıb. Qanuna əsasən, sovet xalqının soyqırımı qurbanlarının dəfn yerlərinin, həmçinin Rusiya ərazisində və ya onun hüdudlarından kənarda yerləşən abidə və digər memorial tikililərin dağıdılması, zədələnməsi və ya təhqir olunmasına görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qanunda sovet xalqının soyqırımı faktının inkarına və ya təhrifinə, eləcə də onun qurbanlarının xatirəsinin təhqir olunmasına görə 3 ilədək azadlıqdan məhrumetmə məsuliyyəti müəyyən edilib.
“Sovet xalqının soyqırımı” dedikdə SSRİ-nin İkinci Dünya müharibəsində verdiyi itkilər nəzərdə tutulur. Ekspertlər bildirirlər ki, Putin belə bir qərarı bir sıra ölkələrdə İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsini simvolizə edən abidələrin sökülməsi fonunda ehtiyac duyub. Kreml bu qanun vasitəsilə həmin ölkələrdə abidələrin sökülməsinə qərar verən şəxsləri cəzalandırmağı planlaşdırır.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Vladimir Putinin imzaladığı bu qanun ilk baxışda humanitar qərar kimi görünsə də, onun siyasi motivləri də mövcuddur:
“Daha əvvəl də oxşar motivli qanunlar siyasi məqsədlərlə qəbul edilmişdi. Bu qanunun qəbul olunması və tətbiq perspektivi göstərir ki, Kreml gələcəkdə postsovet ölkələrinə qarşı yeni təzyiq mexanizmlərindən istifadə edə bilər. Əslində, bu, Rusiyanın imperiya ambisiyalarını təmin etməyə yönəlmiş yumşaq güc elementidir.
Oqtay Qasımov
Lakin belə bir addımın hansı nəticələr verəcəyini indidən demək çətindir. Artıq keçmiş postsovet və Varşava Müqaviləsi ölkələrinin bir çoxunda sözügedən abidələr sökülüb. Bu isə həmin dövlətlərin imperiya-müstəmləkə dövrünün izlərini silmək siyasəti ilə bağlıdır.
Yeni qanunun imzalanmasının arxasında heç bir xoş niyyət yoxdur. Rusiya bununla gələcəkdə həmin ölkələrə qarşı təhdid və təzyiq siyasətini davam etdirəcəyini nümayiş etdirir”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.