AZ

Xərazi “doktrinası” və reallıq: Köhnə rejimin Azərbaycan planları ifşa olundu

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranın Ali Rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Kamal Xərazinin ölümü ilə bağlı kifayət qədər sərt və ifşaedici bir mövqe ilə çıxış edib. Zülfüqarov mərhum iranlı diplomatı rejimin ən reaksion fiqurlarından biri kimi xarakterizə edərək, onun siyasi fəaliyyətinin mahiyyətində İslam həmrəyliyinin deyil, məhz şah dövründən miras qalmış fars neoimperial ideologiyasının dayandığını vurğulayıb. Sabiq nazir qeyd edib ki, Xərazinin ideoloqu olduğu doktrina qonşu dövlətlərin suverenliyinə qəsd etmək və ərazilərini ekspansiya yolu ilə ələ keçirmək məqsədi güdürdü ki, bunun acı nəticələri bu gün İraq, Suriya və Livanın taleyində aydın görünür. Tofiq Zülfüqarovun sözlərinə görə, eyni aqibət Azərbaycan üçün də planlaşdırılırdı və Xərazi kimi şəxslər, xüsusilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlətçiliyin möhkəmlənməsinə mane olmaq üçün bütün mümkün vasitələrdən istifadə ediblər. Sözdə razılaşmalara rəğmən, əməldə hər zaman Azərbaycana qarşı düşmənçilik xətti yürüdən bu köhnə rejim fiqurları sonda öz yanlış siyasətlərinin qurbanına çevrildilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a professor Qabil Hüseynli bildirib ki, Tofiq Zülfüqarovun səsləndirdiyi fikirlər uzun illərin diplomatik təcrübəsinə və real faktlara söykənən obyektiv bir yanaşmadır: “Kamal Xərazi İranın xarici siyasətində ‘yumşaq güc’ adı altında ən sərt və təhlükəli planları icra edən şəxslərdən biri olub. Onun fəaliyyəti dövründə Azərbaycanla münasibətlərdə hər zaman bir ‘ikili standart’ hökm sürüb. Bir tərəfdən dostluqdan danışılır, digər tərəfdən isə Ermənistana hər cür logistik və siyasi dəstək verilərək Azərbaycanın ərazi bütövlüyünə qarşı dolayısı ilə mübarizə aparılırdı”.

Onun sözlərinə görə, Xərazinin ölümü ilə İranın xarici siyasətində bir epoxa qapansa da, bu keçmişin buraxdığı ağır miras hələ də regionda hiss olunmaqdadır: “Xərazi təkcə diplomat deyil, həm də fars şovinizminə əsaslanan regional genişlənmə siyasətinin memarlarından biri idi. O, Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, xüsusilə Qərb və qardaş Türkiyə ilə yaxınlaşmasını həzm edə bilməyən bir siyasi xəttin təmsilçisi idi. Bu gün İranın yeni idarəçiliyinin bu köhnə və zərərli ambisiyalardan uzaqlaşıb-uzaqlaşmayacağı ən mühüm sualdır”.

Professor qeyd edib ki, Azərbaycanın regiondakı yeni reallıqları artıq köhnə üsullarla işləməyin mümkünsüzlüyünü diktə edir: “Azərbaycanda elan olunmuş ‘Şəhərsalma ili’ çərçivəsində işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və ölkəmizin hərbi-siyasi qüdrətinin artması Xərazi kimi xadimlərin planlarını alt-üst etdi. İranın yeni nəsli anlamalıdır ki, mehriban qonşuluq münasibətləri qonşunun daxili işlərinə qarışmaq və ya gizli ekspansiya planları qurmaqla deyil, suverenliyə real hörmətlə mümkündür. Zülfüqarovun da gediyi kimi, indi bu yeni nəsil üçün sələflərinin strateji səhvlərindən nəticə çıxarmaq vaxtıdır”.

Tunar,
NOCOMMENT.az

Seçilən
20
nocomment.az

1Mənbələr