AZ

Vatikan Trampın üzərindən “XƏTT ÇƏKDİ”: Ağ Evlə müqəddəs taxt-tac arasında görünməmiş savaş

Ağ Ev ilə Vatikan arasında yaranan və getdikcə dərinləşən qalmaqal, ABŞ administrasiyası üçün olduqca xoşagəlməz bir mərhələyə qədəm qoyur. Belə görünür ki, əslən Çikaqodan olan Roma Papası XIV Lev (Robert Prevost) hazırkı hakimiyyətin dövründə vətəninə ayaq basmayacaq.

NOCOMMENT.az xəbər verir ki, aprelin 6-da “The Free Press” media şirkətinin yaydığı məlumata görə, yanvar ayında Papanın müharibə əleyhinə çıxışından bir neçə gün sonra onun nunsisi, kardinal Kristof Pyer Pentaqona çağırılıb. Bağlı qapılar arxasında keçirilən görüşdə ona “mühazirə” oxunaraq bildirilib ki, Katolik kilsəsi Amerikanın tərəfində durmalı və prezident Trampın siyasətini tənqid etməyi dayandırmalıdır. Papanın “müharibə dəbi”ni və “güc diplomatiyası”nı pisləməsi Vaşinqtonda birbaşa Ağ Evə qarşı hücum kimi qiymətləndirilib.

Görüşün həm tonu, həm də keçirildiyi yer olduqca qeyri-adi olub. Hazırkı administrasiyanın Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi”nə dəyişməsi onsuz da Papanın tənqidlərinə səbəb olmuşdu. Pentaqonu təmsil edən dövlət katibi Elbric Kolbinin görüş zamanı XIV əsrdə fransız krallarının papalıq taxtına təzyiq etdiyi “Papaların Avinyon əsirliyi” hadisəsini xatırlatması isə Vatikan rəhbərini hiddətləndirib.

Lakin XIV Lev tənqidlərdən geri çəkilməyib, əksinə, İranda müharibənin başlaması ilə mövqeyini daha da sərtləşdirib. O, martın 29-da Müqəddəs Pyotr meydanında keçirilən ibadət zamanı İsa peyğəmbərin adının müharibəyə bəraət qazandırmaq üçün istifadə edilə bilməyəcəyini bəyan edib. Bu, müharibəni “inam işi” və “səlib yürüşü” kimi təqdim edən Pentaqon rəhbəri Pit Heqsetə birbaşa cavab idi. Papa Müqəddəs Kitabdan sitat gətirərək vurğulayıb: “Hətta çox dua etsəniz belə, mən dinləməyəcəyəm, çünki əlləriniz qana batıb”.

Bu gərginliyin ən kəskin nəticəsi isə Papanın ABŞ-ın Müstəqillik gününün 250 illik yubiley tədbirlərindən imtina etməsi olub. 4 iyul tarixində XIV Lev Vaşinqtona deyil, afrikalı qaçqınların sığındığı Lampeduza adasına yollanacaq. Bu addım miqrantlara qarşı sərt mövqeyi ilə seçilən Tramp administrasiyasına qarşı açıq nümayişdir. ABŞ-da yaşayan 60-70 milyon katolik üçün Papanın nüfuzunun Ağ Evdən daha yüksək olduğunu nəzərə alsaq, bu hadisənin Respublikaçılar partiyası üçün ağır siyasi zərbə olacağı şübhəsizdir.

Sara,
NOCOMMENT.az

Seçilən
33
nocomment.az

1Mənbələr