AZ

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

Prezident İlham Əliyevin 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında sərəncamında qeyd edilir ki, İpək yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Ermənistanın işğal etdiyi və 30 il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşanın əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.

Qeyd etmək lazımdır ki, Şuşa şəhərindəki 17 qədim  məhəllənin hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. XIX əsrdə İbrahimxəlil xanın qızı Gövhər ağanın sifarişi ilə Qarabağın bir çox məşhur memarlıq nümunəsinin banisi kimi tanınmış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri Şərq memarlıq üslubunda tikilmiş və Azərbaycanın tarixi-mədəni irs nümunələridir. Qeyd etmək lazımdır ki, məhəllə məscidləri içərisində Saatlı məscidi yeganə minarəsi olan məsciddir.  Bununla yanaşı, vaxtilə şöhrəti nəinki Şuşaya, bir sıra ölkələrə də yayılan memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş XIX əsrə aid məhəllə məscidləri və  malikanələr şəhərə xususi  yaraşıq verirdi. Təsadüfi deyil ki, məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşidbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu ağanın, Uğurlu bəyin, Nəcəfqulu ağanın, Hacı Qulunun, Səfibəyin tikdirdiyi yeni tipli saray və imarətlər, Mehmandarovlara məxsus malikanə kompleksi  şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və bulaqlar, karvansaray və malikanə kompleksləri ozamankı memarlıq abidələrinin ən nadir nümunələrindən sayılırdı. 

Mehmandarovların malikanə kompleksi 

Şuşa şəhərində Mehmandarovlara məxsus saray tipli tarixi yaşayış kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə böyük və kiçik yaşayış binaları, ailə məscidi daxildir. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. Kompleks daş divarlarla əhatələnmişdir.

Binanın memarlığında geniş pəncərələr vasitəsilə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur. Böyük yaşayış binası və ailə məscidinin interyerləri usta Qənbər tərəfindən çəkilmiş və  divarları rəsmlərlə bəzədilmişdir. Binanın layihəsini o dövrün memarı Kərbəlayi Səfixan Qarabaği vermiş, bəzi işlərini isə tanınmış dekorativ boyakarlıq və ornament ustası Qənbər Qarabaği həyata keçirmişdir. Bununla yanaşı, məscidə gedən yolun üstündə sonralar bulaq da tikilmişdir. 

Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılmışdır. Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1985-ci il 26 sentyabr tarixli əmrinə əsasən qoyulmuşdur.

2023-cü il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etmişlər. Şuşanın azad edilməsindən sonrakı dövrdə - 2021-ci ilin oktyabrından etibarən Mehmandarovların malikanə kompleksində - ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənmiş, tavanlar bərpa edilmiş, malikanə kompleksinin dağılmış divarı bərpa olunmuş, zədəli divarda bərkitmə işləri aparılmışdır. Həmçinin məscidin "Güldəstə"si restavrasiya olunmuşdur. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilmişdir.

Zöhrabbəyovların malikanə kompleksi

XIX əsrin memarlıq abidəsi olan Zöhrabbəyovların malikanə tipli tarixi yaşayış kompleksi adından da göründüyü kimi, Şuşanın məşhur soylarından olan Zöhrabbəyovlara məxsusdur. Bu soy Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biridir. Zöhrabbəyovların ulu babası Zöhrab bəy olmuşdur. Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. 

Kompleksin memarlıq xüsusiyyətləri haqqında qeyd etmək olar ki, tarixi 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan-ayağa antik rəsmlərlə bəzədilmişdi. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşpazxana mövcud olmuşdur. Evlərin  içərisi milli ornament və antik rəsmlərlə bəzədilmişdi. 

XX əsrin 80-ci illərində kompleks bərpa edildikdən sonra həmin binada Şuşa Dövlət Rəsm Qalereyası fəaliyyət göstərmişdi. Bu memarlıq kompleksində keçmiş və müasir təsviri sənət ustalarının 200-dən çox əsəri nümayiş etdirilirdi. Qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndələrinin əsərləri təşkil edirdi, eyni zamanda yüksək bədii zövqlə düzəldilmiş dekorativ tətbiqi sənət nümunələri də nümayiş olunurdu. 

1992-ci ildə Şuşa şəhərinin Ermənistan silahlı dəstələri tərəfindən işğalı zamanı bina talan edilmiş, şəbəkədən hazırlanmış pəncərələri və divar rəsmləri məhv edilmiş, dağıdılmış, binanın  bir hissəsi qalmışdır.

Hacı Qulunun malikanəsi

Şuşadakı ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri də Hacı Qulunun malikanəsidir. Üçmərtəbəli saray tipli evin inşasına 1849-cu ildə Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmış, təxminən 1855-ci ildə başa çatdırılmışdır. Şuşa şəhərində yerləşən XIX əsrin tarixi memarlıq abidəsi  olan bu mülk öz memarlıq üslubu, həmçinin milli koloriti ilə xüsusilə seçilirdi. Sarayın 46 otağı və 2 böyük qonaq zalı var idi. 

Evin uzadılmış düzbucaqlı formasına malik olan planı ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları, ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. Bu evin otaqları xidmət məqsədinə uyğun olaraq müvafiq formada inşa edilmişdir. Zəngin Şuşa evləri üçün xarakterik olan böyük zal formalı qonaq otağı ilə yanaşı, burada yemək və yataq otaqları da istifadə profilinə uyğun memarlıq formalarına malikdir. Birinci mərtəbə ilə əlaqə parad və xidmətçilər üçün nəzərdə tutulmuş iki pilləkən vasitəsilə həyata keçirilir. 

Evin divarları daş və əhəng-gil məhlulu qarışığından inşa edilmiş, daşların arası da həmin məhlulla üzlənmişdir ki, bu da binanın fasadına xüsusi kolorit verir. Birinci mərtəbədə tikilinin fasadı tağvari formalı üç böyük girişə malikdir, ikinci mərtəbədə isə simmetrik formada üç pəncərə yerləşdirilmişdir. Əksər Şuşa ev və saraylarından fərqli olaraq Hacı Qulunun malikanəsi üçün tikilinin bütün fasadlarında yerləşən çoxlu sayda geniş pəncərələr xarakterikdir. Pəncərələr hamısı şəbəkə ilə işlənmişdir.

Şuşanın Çuxar məhəlləsindəki bu mülk bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu sonra ticarətlə məşğul olmuş, Şuşanın varlı tacirlərindən birinə çevrilmişdir. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunmuşdur. 

Hacı Qulunun malikanəsində sovet dövründə müxtəlif müəssisələr fəaliyyət göstərmiş, işğaldan əvvəl isə burada Qarabağ ipək fabrikinin toxuculuq sexi olmuşdur. 1992-ci ildə  Şuşa şəhərinin  Ermənistan silahlı dəstələri tərəfindən işğalı zamanı Hacı Qulunun malikanəsi top atəşinə tutularaq divarları dağıdılmışdır. Hazırda divarlarının bəzi  hissələri qalmaqdadır. 

Əsəd bəyin mülkü

Şuşa şəhərində Xurşidbanu Natəvanın sarayının yaxınlığında yerləşən Əsəd bəyin evinin memarlıq planında Şəki  şəhərində yerləşən Şəkixanovların evi ilə çoxlu ortaq xüsusiyyətlər vardır. Əsəd bəyin də evinin kompozisiya mərkəzində böyük zal yerləşir. Evin digər otaqları isə həmin bu zalın ətrafında qruplaşdırılmışdır. Əsəd bəyin evinin bu cür plana malik əsilzadə evlərindən fərqləndirən əsas xüsusiyyəti onun çoxotaqlı olmasıdır. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür: mərkəzdə iri zal və onun ətrafında kiçik otaqlar, iki tərəfdə isə hər biri iki otaqdan ibarət olan daha iki qrup otaq yerləşir. 

Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olur. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. Əsəd bəyin evinin ikinci mərtəbəsində iri qonaq zalı və bir qədər kiçik ölçülərə malik ikinci zal da var. Bu iki iri zalla yanaşı, evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir.  Birinci mərtəbənin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbənin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunmuşdur. 

Şuşada yerləşən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış və şəhərin qədim evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən Fərəməzovların, Səfərbəyovların, Qədimovların, Behbudovların, Qaraşarlıların, Mamay bəyin, Cahangir bəyin, Bəhmən Mirzənin, Hacı Məmmədin, Məşədi İbrahimin, Səfi bəyin, Hacı Əmirin, Məşədi Qaranın, Hacı Dadaşın, Cəfərqulu ağanın, Uğurlu bəyin, Fərzəli bəyin və şəhərdə tanınmış digər insanların mülkləri Azərbaycan milli memarlığının parlaq nümunələrindəndir.

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasınınBeynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru, siyasi elmlər doktoru

Seçilən
6
3
azerbaijan-news.az

4Mənbələr