AZ

Bakının anası - İçərişəhər

Bu unikal qədim məkan tariximizin daş yaddaşıdır

Azərbaycan tarixinin qədim köklərə bağlılığını, onun yüksək mədəniyyət diyarı olmasını sübut edən xeyli abidələrimiz var və onlar qorunaraq nəsillərdən-nəsillərə ötürülür. Bunlardan biri də tariximizin daş şahidi olan İçərişəhərdir. Bu qədim məkanda hər daş parçası tarixin əbədiləşmiş hekayəsini, şəhərsalma memarlığının fundamental prinsiplərini özündə əks etdirir.

İçərişəhər həm də çoxəsrlik mədəniyyətimizin rəmzi, Azərbaycanın Orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarıdır. Bu unikal məkandakı Qız qalası, Şirvanşahlar saray kompleksi, məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir.

Bakının qoynunda, möhtəşəm qala divarları əhatəsində yerləşən, açıq səma altında bir muzey olan İçərişəhər qədim və Orta əsrlər dövrünə aid zəngin maddi və mənəvi mədəniyyət abidələrini əsrlərdən bəri qoruyub saxlayır. 200 il əvvəl İçərişəhər - Bakı, İçərişəhərin ətrafı - müasir Bakı isə Bayır Şəhər adlanırdı. Orta əsrlərdə Bayır Şəhər qala hasarından kənarda olan hissəyə deyilirdi. Burada Orta əsrlərdə sənətkar məhəllələri vardı. Bəzi sənətkarlar elə oradaca ev tikib yaşayardılar.

Azərbaycanda şəhərlər müxtəlif zəmin əsasında formalaşaraq inkişaf tapmışdır. Əsas karvan yolları üzərində yerləşən yaşayış məntəqələrində sənətkarlığın və ticarətin inkişafı həlledici amil olmuşdur. Bir sıra şəhərlər ilkin başlanğıc olan qalaların, istehkamların, yaşayış məntəqələrinin böyüməsi nəticəsində yaranmışdır. Burada bir fakt xüsusi qeyd edilməlidir ki, Bakının kiçik yaşayış məntəqəsindən böyük şəhərə çevrilməsində neft və duz kimi sərvətlərin olması mühüm əhəmiyyət daşıyır. Bakının "müqəddəs odlar diyarı" kimi tanınması onun həyatında mühüm rol oynamışdır. Neft gəlirlərindən zənginləşən Bakı milyonçuları XX əsrin əvvəllərində bir-birinin bəhsinə qala divarlarından kənarda gözəl binaların inşasına başlamışdılar. Bu tikinti işləri qala divarlarının birinci cərgəsinin sökülməsi və daşların satılmasından sonra daha böyük vüsət almışdır. Bundan sonra qədim Bakının görunuşü də dəyişmişdir.

XIX əsrin sonları - XX əsrin əvvəllərində Bayır Şəhərdə barokko, qotika, klassik, neoklassik memarlıq üslublarını əks etdirən bir cox avropasayağı gözəl binalar tikildi və müasir Bakı böyüməyə başladı. Lakin Bakı milyonçuları bir tərəfdən şəhəri genişləndirib gözəlləşdirsələr də, digər tərəfdən özləri də hiss etmədən qədim şəhərin böyük tarixinə, zəngin mədəniyyətinə xələl gətirir, laqeydlik göstərirdilər. Bu səbəbdən İçərişəhər onun qəlbində keçmişi əks etdirən mədəni irsimizin yadigarı kimi qaldı.

Tarixi məkana laqeyd münasibət sovet dövründə də müəyyən qədər davam etdi və burada erməni hiyləgərliyi, tariximizə qarşı bu millətin düşmənçiliyi az rol oynamadı. O dövrdə belə layihələrin icrasında əsas söz sahiblərindən olan erməni mühəndislərindən birinin fitnəsi ilə indiki "İçərişəhər" metro stansiyasının qala divarlarının qarşısında tikilib onu görünməz etməsi bunun sübutudur.

Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bir çox tarixi dəyərlərimiz kimi, İçərişəhər də öz qüdrətli hamisini tapdı. Heydər Əliyev bu tarixi-memarlıq incisini hər zaman qoruyur, onu tariximizə düşmən kəsilənlərin dağıdıcı əməllərindən, öz içimizdən olanların tamahından bacardığı qədər hifz edir, Azərbaycanın qiymətli tarixi sərvəti kimi müxtəlif üsullarla bütün dünyada tanıdırdı.

Dəyərlərimizə sevgi nümunəsi

 10 fevral 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldı. Dövlət başçısı belə bir addımla bu möhtəşəm memarlıq - şəhərsalma kompleksinin qorunub saxlanması üçün unikal idarəetmə sistemi formalaşdırdı. Ərazidə aparılan bütün işləri bununla vahid dövlət nəzarəti altına aldı. Qədim şəhərdə bütün abidə və tarixi binaların inventarizasiyası həyata keçirildi. Ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm tədbirlər görüldü.

Milli dəyərlərimizin qorunması və dünyada təbliği sahəsində misilsiz işlər görən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da bu tarixi məkanda gedən bərpa və abadlıq tədbirlərini birbaşa nəzarətində saxlayaraq görülən işlərə böyük qayğısı, qəlbinin istiliyi, səliqə-sahmanı ilə mənəvi dəyər qatdı. Nəhayət, 2020-ci ildə Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında sərəncam imzaladı.

Bu gün İçərişəhər təkcə Azərbaycanda deyil, bütün dünyada yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESCO-nun Dünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Azərbaycan memarlığının, onun tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən Dünya irsi kimi qəbul olunub. Bu da ölkəmizin dünya mədəni irsinə əvəzsiz bir töhfəsidir.

Muzeylər məkanı 

İçərişəhərdə abidələr üç qrupda təsnif edilir. İlk növbədə dünya əhəmiyyətli abidələr muzeyləşdirilir. Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi kimi abidələr bu qrupa aiddir. Ölkə əhəmiyyətli abidələr isə qismən muzeyləşdirilərək funksiyasına uyğun müstəqil obyektə çevrilir. İçərişəhərdəki karvansaraları, məscidləri və hamamları buna nümunə göstərə bilərik. Yerli əhəmiyyətli abidələrdə isə qarışıq muzeyləşdirmə aparılaraq müxtəlif növ ekspozisiya kompleksləri cəmləşdirilir. Bunu XIX - XX əsrin yaşayış binalarında görmək olar. 

Şirvan hakimlərinin iqamətgahı olan "Şirvanşahlar Saray Ansamblı"nın ən diqqətçəkən tikililərindən biri də  Keyqubad məscidi idi. Dərviş türbəsi yanında ona bitişik bir məscid-mədrəsə binası olmuşdur. Türbə məscidin cənub hissəsində yerləşir. O, düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Vaxtilə zalın mərkəzində günbəzi saxlayan 4 sütun var imiş. Məsciddə Bakuvinin tədris və ibadət etməsi barədə A.Bakıxanov yazırdı: "Onun ibadət etdiyi hücrə, işlədiyi məktəb və qəbri orada - məsciddədir".

Tədqiqatçı S.Aşurbəylinin yazdığına görə, Keyqubad Şeyx İbrahimin babası idi. Şirvanşah Keyqubad 1317-1343-cü illərdə hakimiyyətdə olmuşdur. Hazırda Şirvanşahlar sarayının aşağı həyətinin cənub hissəsində Keyqubad məscidindən, sadəcə, bünövrə qalıqları və bir neçə tağ salamat qalmışdır.

"Şirvanşahlar Saray Ansamblı"nın ən aşağı həyətində saray hamamı yerləşir. İçərişəhərin bütün hamamları kimi bura da temperatur rejimini sabit saxlamaq üçün yerin altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtüb.

Hamam 1939-cu ildə təsadüfən aşkar olunmuş, 1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə konservasiya edilmişdir. Hamamın indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü günbəzlə örtülmüşdür. Günbəzdə olan dəliklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. Abidənin sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz əvvəlki formasını daha çox saxlamışdır.

Hamama daxil olan su divar yaxınlığında olan ovdandan (su anbarından) qazanxanaya axır, oradan isə tikilmiş xüsusi yollar vasitəsilə otaqlara paylanırdı. Hamamın sağ küncündə üstü günbəzli bir böyük və iki kiçik otaq vardır. Kaşı üzlüyə malik bu otaqların şəxsən şaha məxsus olduğu ehtimal olunur. 

Ovdan portal şəklində tərtib olunub, oradan anbara çoxsaylı pilləkən gedir. Ovdanla hamam arasında əlaqənin olduğu yan vestibüldən görünür. Bura 1954-cü ildə təmir-bərpa işləri aparılarkən təsadüfən aşkar edilmişdir. Ovdana su kəhrizlər vasitəsilə şəhərin dağlıq hissəsindən verilirmiş. Beləliklə aydın olur ki, "Şirvanşahlar Sarayı Ansamblı" Orta əsr Azərbaycan memarlığının monumental dekorativ sənətinin möhtəşəm nümunəsidir.

Bitməyən tarix, yaşayan adət-ənənə

İçərişəhərin özəlliyi həm də ondadır ki, burada tarix bitmir, əksinə, davam edir. Keçmiş, bu gün və gələcək bu məkanda qovuşur. İçərişəhərdəki yaşayış evlərində bu gün də sakinlər yaşayırlar və bu tarixi məkanın hər biri misilsiz sərvət qədər qiymətli olan abidələr kimi adət-ənənələr, həyat və məişət ruhu da nəsillərdən-nəsillərə ötürülür. 

Əsrlər əvvəl olduğu kimi, bu gün də İçərişəhərdə dükan-bazar, Azərbaycan mətbəxinin unudulmaz dadını qoruyan ictimai-iaşə məkanları, sənətkarlıq köşkləri və s. fəaliyyət göstərir. Bu məkan canlı orqanizm kimi öz təbii halında əsrlərdən-əsrlərə qucaq açır. Şəhərin unikallığı ondadır ki, bura səhər açılıb, axşam bağlanan muzey deyil - canlı bir şəhərdir. Hətta insanlar unudurlar ki, tarixi məkandadırlar və hər gün XII, XV, XVII əsrlərin abidələri ilə ünsiyyətdə olurlar.

İçərişəhər kompleksinə daxil olan dünya əhəmiyyətli 3, ölkə əhəmiyyətli 28 memarlıq, konservasiya olmuş 8 arxeoloji və 600-dən çox yerli əhəmiyyətli abidə xalqımızın zəngin mədəniyyətindən xəbər verir. Qoruq ərazisindəki XVIII-XIX əsr memarlığına aid elmi, tarixi və mədəni cəhətdən yüksək dəyərə malik onlarca bənzərsiz yaşayış binaları və Orta əsrlərdə tikilmiş memarlıq abidələri dövlət tərəfindən qorunur.  Arxeoloji kəşfiyyat və nəzarət işləri nəticəsində aşkar olunan qədim Bakının tarixini əks etdirən arxeoloji artefaktlar və son 30 il ərzində arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş antik dövr maddi-mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd məscidi və Qız qalası yerləşən ərazi və Bakı buxtası olmuşdur.

İçərişəhər ruhumuzun şəhəridir. Bura Azərbaycan xalqının milli sərvətidir.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr