NASA-nın 54 illik fasilədən sonra Ay ətrafına təşkil etdiyi tarixi "Artemis II" missiyası uğurla başa çatıb. 10 günlük səyahətdən sonra Bakı vaxtı ilə saat 04:07-də 3 amerikalı (Reid Wiseman, Victor Glover, Christina Koch) və 1 kanadalı (Jeremy Hansen) astronavtı daşıyan "Orion" kapsulu Sakit Okeana (Kaliforniya sahillərinə) uğurla eniş edib
Moderator.az xəbər verir ki, bu barədə NASA canlı yayım zamanı məlumat çatdırıb.
Enişdən sonra missiya komandiri Reid Wiseman ekipajın vəziyyətinin sabit olduğunu bildirib.
"Necə də gözəl bir səyahət! Vəziyyətimiz sabitdir. Dörd ekipaj üzvünün hamısı yaxşıdır", - deyə o, qeyd edib.
Daha sonra astronavtların NASA və ABŞ-ın birgə hərbi komandası tərəfindən götürülməsi planlaşdırılır. Onlar vertolyotla "USS John P. Murtha" (LPD-26) eniş gəmisinə təxliyə ediləcək və orada tibbi müayinədən keçəcəklər.
Ekipaj daha sonra missiyadan sonrakı bərpa işləri üçün Hyustondakı "Conson" Kosmik Mərkəzinə aparılacaq.
NASA aydınlaşdırıb ki, yayım astronavtlar kapsuldan təhlükəsiz şəkildə çıxıb gəmiyə aparılana qədər davam edib.