AZ

İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimləri

Aprelin 10-da İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.

Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Seyid Əli Xamenei ilə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi irsindən və İslam dünyasındakı rolundan danışıb. Şeyxülislam, eyni zamanda, dünyada baş verən münaqişə və fəlakətlərin aradan qalxmasını diləyib, bəşəriyyət üçün sülh, əmin-amanlıq və rifah arzularını ifadə edib.

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu Seyid Əli Xameneinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti, həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O, gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə ölkəmizə minnətdarlığını bildirib.

Sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irs barədə danışıblar. Mərhumun xatirəsi ehtiramla yad edilərək onun dini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.

***

İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar aprelin 10-da Naxçıvan şəhərində də anım mərasimi keçirilib, ehsan süfrəsi açılıb.

Mərasimdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, İranın Naxçıvandakı Baş konsulu Əziz Mənsuri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Baş nazir Cabbar Musayev İranın Ali rəhbərinin ölümünün 40-cı günü münasibətilə başsağlığı verib.

Mərasimdə Azərbaycan–İran əlaqələrindən bəhs olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə müharibə dövründə İrana humanitar yardımlar göstərilib. Bu addım iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.

XQ

Seçilən
34
26
xalqqazeti.az

10Mənbələr