Ötən çərşənbə günü ABŞ-nin Bağdaddakı səfirliyinin əməkdaşları Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında İraqdakı silahlı qruplaşma tərəfindən çoxsaylı dron hücumuna məruz qalıblar.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı cümə günü ABŞ Dövlət Departamentinin rəsmisi CNN telekanalına açıqlamasında təsdiqləyib.
Dövlət Departamentinin nümayəndəsi hücuma görə konkret hansı qruplaşmanın məsuliyyət daşıdığını dəqiqləşdirməsə də, bütün əməkdaşların təhlükəsizlikdə olduğunu və hazırda iş yerlərində qaldıqlarını qeyd edib.
Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başladıqdan bəri İraqdakı ABŞ personalına və obyektlərinə qarşı iranpərəst qruplar tərəfindən onlarla hücum həyata keçirilib.
Lakin çərşənbə günü baş verən insident xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu hadisə ABŞ və İran arasında əldə olunmuş atəşkəsin ilk tam günündə qeydə alınıb.
"Biz İraq hökumətinə qəti etirazımızı bildirdik, hadisənin tam araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb etdik", – deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.
Səfirliyin təhlükəsizlik xəbərdarlığında qeyd olunur ki, İranla əlaqəli silahlı qruplaşmaları Bağdad Beynəlxalq Hava Limanı və Diplomatik Dəstək Mərkəzi yaxınlığında bir neçə zərbə endiriblər. Hadisə ilə bağlı cümə axşamı ABŞ dövlət katibinin müavini Kristofer Landau İraqın ABŞ-dakı səfiri Nizar Xirullanı çağıraraq, 8 aprel tarixində diplomatik heyətə qarşı törədilən bu "dəhşətli terror aktını" kəskin şəkildə pislədiklərini diqqətə çatdırıb.
Musavat.com