AZ

Sosial müdafiə sistemində alternativ yol

525.az saytına istinadən ain.az xəbər verir.

Özəl pensiya fondlarının yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlər davam etdirilir. Nazirliyin açıqladığı məlumatlara əsasən, yaxın zamanlarda artıq 20-yə yaxın qanunverici akta dəyişikliklərin edilməsi və qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi reallaşa bilər. Bununla da vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcəklər. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70 faiz civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilməsinə imkan verir. Özəl pensiya fondu yaradılarsa, məsələn, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq: "Özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir".

Millət vəkili vurğulayıb ki, uyğun qanunverici aktlar Milli Məclisə təqdim edildikdən sonra bu istiqamətdə müzakirələrə başlanılacaq: "Dünya praktikasında özəl pensiya fondları paralel yığım imkanları deməkdir. Vətəndaş özəl pensiya fonduna vəsait yönəltməklə həmin pensiya fondunda müəyyən kapitala malik olur. Bu, vətəndaşın pensiya yaşında iki mənbədən pensiya almasına gətirib çıxarır. Həm Dövlət Sosial Müdafiə Fondundan, həm də özəl pensiya fondundan pensiya alınması anlamına gəlir. Həmçinin, vətəndaşın pensiya yaşında pensiya məbləğinin artması deməkdir. Məlum olduğu kimi, dünya praktikasında özəl pensiya fondunda yığılan kapitalın daha tez istifadə imkanları var. Özəl pensiya fondu ilə vətəndaş arasında bağlanmış müqaviləyə əsasən, kapitalın bir hissəsinin birdəfəlik götürülməsi mümkün olur. Güman edirik ki, oxşar praktika Azərbaycanda tətbiq olunacaq. Yığılan kapitalın bir hissəsinin vətəndaş tərəfindən daha tez, pensiya yaşı tamam olmadan istifadə olunması həm də özəl pensiya fondlarına marağın artmasına və bu yığımların səmərəliliyinin yüksəlməsinə gətirib çıxaracaq".

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, özəl pensiya fondlarının fəaliyyəti üçün bəlli dövriyyəyə nail olmaq vacibdir. Müəyyən bir vəsait olmalıdır ki, bu proseslərin təşkili və mənfəətin əldə edilməsi mümkün olsun: "Ölkədə insanlar depozitlərini daha çox qısa müddətli dövrdə banklara yerləşdirir. Uzunmüddətli maliyyə institutlarına etibar aşağıdır. Özəl pensiya fondlarına da münasibət eyni olacaq. Çünki burada etibar vacibdir".

İqtisadçı bildirib ki, özəl pensiya fondlarına yığılmış vəsaitlər dövlət tərəfindən yüz faiz sığortalanacaqsa, insanlar buna etibar edəcək: "Çünki bu, uzunmüddətli planlama tələb edir. İnsanlar az qala 50 ilə qədər olan dövrü planlamalıdır. Bu müddət yığım edən hər bir şəxs həmin vaxtdan sonra bunun faydasını görməlidir".

İqtisadçı ekspert Eyyub Kərimli hesab edir ki, özəl pensiya fondlarının fəaliyyətinin bir neçə istiqamətdə müsbət təsirləri var. Qanunvericiliyə əsasən bəzi beynəlxalq təcrübədə insanlar pensiyaları hansı fonda həvalə etməkdə sərbəstdir. Çox zaman onlar özəl fonda həvalə edirlər. Özəl fondlar həmin vəsaiti digər istiqamətlərdə investisiya edərək dividentlər əlavə edirlər. Həmin dividentlərdən də təqaüdçülərə pensiya yaşından sonra ödəniş edirlər. Bu da onların daha çox pensiya vəsaiti əldə etməsinə gətirib çıxarır. Bizdə hazırda Dövlət Pensiya Fondu fəaliyyət göstərir. Hər hansı bir pensiyanın artırılması büdcə vəsaiti hesabına həyata keçirilir. Bu baxımdan bir neçə pensiya fondunun faəliyyəti bu sahədə rəqabətlilik yaradır. Həmçinin büdcənin yükünü azaldır. Gələcəkdə pensiyanın artırılması üçün büdcədən vəsait tələb olunmur. Pensiya fondları özləri müəyyən təkliflər edərək, əmanətçiləri maraqlandırırlar və onlara əsasən öz pensiyalarını həmin fonda yönəldirlər.

E.Kərimlinin sözlərinə görə, bu fondların fəaliyyəti ölkədə təqaüdçülərin sosial vəziyyətinin yaxşılaşmasına təsir göstərəcək: "Həmçinin təqaüdçülərin hüquqlarını da qoruyacaq. Həmin fondlarda yığılan vəsait təqaüdçü vaxtından əvvəl rəhmətə getdikdə öz varisləri tərəfindən əldə edilir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
525.az

1Mənbələr