
Uzun illərdən sonra Aya edilən ilk insanlı səyahət olan "Artemis II" missiyasının son günündə heyət Yerə eniş hazırlıqlarına başlayıb.
AFN.az xəbər verir ki, astronavtları daşıyan kosmik gəminin aprelin 11-i Bakı vaxtı ilə saat 04:07-də ABŞ sahillərində, Sakit okeana enməsi gözlənilir.
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) yaydığı məlumatda aprelin 1-də başlayan missiyanın yekun mərhələsi barədə detallar paylaşılıb. Məlumata görə, 50 ildən artıq fasilədən sonra Aya ilk insanlı uçuşu həyata keçirən 4 nəfərlik heyət aprelin 7-də Ayın qravitasiya sahəsindən çıxaraq Yerin cazibə qüvvəsinin təsir zonasına daxil olub.
Missiya müddətində Ayın ətrafında dövr edərək peykin daha əvvəl görünməyən tərəfinin görüntülərini çəkən komanda artıq qayıdış trayektoriyasını nəzərdən keçirir. Astronavtlar son günlərini hava şəraiti və atmosferə giriş vaxtının dəqiqləşdirilməsinə, eləcə də enişdən sonrakı əməliyyatların məşqinə həsr edəcəklər.
"Orion" kosmik gəmisi aprelin 10-u yerli vaxtla saat 17:07-də (aprelin 11-i Bakı vaxtı ilə saat 04:07-də) Kaliforniya ştatının San-Dieqo şəhəri yaxınlığında okean sularına enəcək. Enişdən sonrakı iki saat ərzində heyət üzvləri kapsuldan çıxarılaraq helikopterlərlə "USS John P. Murtha" gəmisinə daşınacaq və orada tibbi müayinədən keçəcəklər.