AZ

Çin "Çanqe-7" Ay missiyasını ilin ikinci yarısında kosmosa göndərəcək

Çin "Çanqe-7" Ay missiyasını ilin ikinci yarısında kosmosa göndərəcək

Çin Ayın cənub qütbündə tədqiqat işləri aparacaq "Çanqe-7" kosmik aparatını bu ilin ikinci yarısında orbitə çıxarmağa hazırlaşır.

AFN.az xəbər verir ki, Çin Milli Kosmik İdarəsinin açıqlamasına görə, kosmik aparat buraxılışdan əvvəlki sınaqların keçirilməsi üçün artıq Haynan adasındakı Vençan Kosmik Mərkəzinə gətirilib.

"Çanqe-7" missiyası çərçivəsində Ay səthinə yüksək dəqiqliklə yumşaq eniş, robot hərəkətləri, sıçrayış və daimi kölgə altında olan kraterlərin araşdırılması kimi mühüm texnoloji yeniliklərin sınaqdan keçirilməsi hədəflənir. Missiyanın əsas məqsədi Ayın cənub qütbündə ətraf mühit və təbii resursların tədqiqatını aparmaqdır.

Pekin administrasiyası 2030-cu ilə qədər Ayın səthinə insan göndərməyi, 2050-ci ilə qədər isə orada tam funksional tədqiqat bazası yaratmağı planlaşdırır. "Beynəlxalq Ay Tədqiqat Stansiyası" (ILRS) adlanan bu layihənin ilk mərhələsi kimi 2028-ci ilə qədər üç mühüm kəşfiyyat missiyası nəzərdə tutulub.

Bunlardan birincisi olan "Çanqe-6" missiyası 2024-cü ildə Ayın qaranlıq tərəfindən torpaq nümunələri gətirərək uğurla başa çatıb. "Çanqe-7"dən sonra 2027-ci ildə təbii ehtiyatların istifadə imkanlarını yoxlayacaq və baza tikintisi üçün testlər aparacaq "Çanqe-8" missiyasının icrası gözlənilir. Layihənin sonrakı mərhələlərində 2050-ci ilə qədər infrastrukturun genişləndirilməsi və stansiyanın Mars, Venera kimi planetlərə uçuşlar üçün çoxfunksiyalı bazaya çevrilməsi hədəflənir.

Seçilən
23
afn.az

1Mənbələr