ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Erməni politoloq Benyamin Matevosyan Ermənistanın hazırkı xarici siyasət kursunun davam edəcəyi halda Rusiya ilə münasibətlərin kəskin pisləşəcəyini iddia edir. O, bunun nəticəsində ölkənin Rusiya bazarını itirəcəyini, qaz qiymətlərinin artacağını və iqtisadi çətinliklərlə üzləşəcəyini irəli sürür. Matevosyan həmçinin əsassız şəkildə Azərbaycanın Ermənistana qaz satmasının gələcəkdə təzyiq vasitəsinə çevrilə biləcəyini iddia edir. Ümumilikdə, onun bu fikirləri siyasi manipulyasiya və revanşist yanaşmanın nümunəsi kimi qiymətləndirilir.Benyamin Matevosyanın bu cür iddiaları Ermənistan cəmiyyətində ictimai rəyə necə təsir edə bilər və regionda gərginliyin artmasına səbəb ola bilərmi?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erməni politoloq Benyamin Matevosyanın fikirləri təbii ki, revanşist fikirlərdir: “Biz erməni cəmiyyətində, hətta Azərbaycanla yekun sülh müqaviləsi imzalanandan sonra belə, bu cür revanşist mövqe nümayişi ilə rastlaşacağıq. Çünki uzun illər boyu, hətta bir əsrdən də artıq müddət ərzində erməni cəmiyyətinə xəstə təxəyyül təlqin olunub. “Böyük Ermənistan”, “dənizdən dənizə Ermənistan” xülyası ilə yaşayıblar. Bu gün bütün bu xülyaların tamamilə yerlə yeksan olmasına baxmayaraq, yenə də hələ ki, revanşist fikirlər qalmaqdadır. Təbii ki, burada şimal qonşumuzun da təsiri yox deyil; onun Ermənistana öz ayrı-ayrı marionet siyasətçiləri vasitəsilə təsir etmək imkanları hələ də qalır və bu imkanlar yaxın müddətdə sıfırlanmayacaq. Getdikcə, qarşıdakı parlament seçkiləri ərəfəsində Ermənistan cəmiyyətində ciddi gərginliklərin ola biləcəyini ehtimal edirik”.
Deputat vurğulayıb ki, aprelin birində Rusiya prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş görüşdə də Rusiya prezidentinin Qarabağla bağlı səsləndirdiyi fikirlər, Azərbaycanın uzun müddət işğal altında olan əraziləri ilə bağlı mövqeyi, təbii ki, erməni cəmiyyətində olan revanşistlərə növbəti dəfə nəfəs vermək cəhdi kimi qəbul edilməlidir.
“Bu cür açıqlamaları bundan sonra da müşahidə edəcəyik. Amma təbii ki, kökündən yanlış yanaşmadır. Ən azından ağlı başında olan siyasətçilər anlamalıdır ki, Azərbaycan heç bir halda hansısa ölkəyə qaz ixrac edərək bu transferdən, bu ixracdan təzyiq vasitəsi kimi istifadə etməyib. Biz 16 ölkəyə (onların içərisində 11-i Avropa ölkəsidir) qaz ixrac edirik. Enerji daşıyıcıları ixrac edirik. Bu tranzit Gürcüstan vasitəsilə reallaşır. Artıq uzun müddətdir ki, bunun sayəsində Gürcüstan iqtisadiyyatı kifayət qədər böyük iqtisadi divident əldə edib. Bir dəfə də olubmu, hansısa nümunə varmı ki, Azərbaycan Gürcüstan da daxil olmaqla digər qaz ixrac etdiyi ölkələrə bundan təzyiq üsulu kimi istifadə etmiş olsun? Belə bir nümunə yoxdur. Əksinə, geri zəkalılar anlamalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, əslində, Ermənistanın özünə də suverenliyini əldə etmək imkanlarını tanıyıb. Rusiya boyunduruğundan xilas olmaq imkanı verib və Ermənistanın çökmüş iqtisadiyyatını qaldırmaq imkanı yaradıb” – deyən Arzuxan Əlizadə bildirib ki, Ermənistan bundan düzgün yararlanarsa, Zəngəzur dəhlizi layihəsi reallaşarsa, ölkə Azərbaycanla sözün həqiqi mənasında sülh şəraitində yaşayacaq və tranzit ölkəsi olaraq böyük iqtisadi imkanlar əldə edəcək.
Deputatın fikrincə, həqiqətləri çatdırmaq əvəzinə, bu kimi açıqlamalar erməni cəmiyyətini revanşist fikirlərlə növbəti dəfə zəhərləmək cəhdidir.
Arzuxan Əlizadə hesab edir ki, Ermənistanla yekun sülh müqaviləsi imzalanandan sonra belə, biz erməni cəmiyyətində bu cür revanşist və zərərli fikirlərlə cəmiyyəti çaşdırmaq cəhdlərinə şahidlik edəcəyik: “Buna elə bu kontekstdə yanaşmaq lazımdır ki, bu cür təbliğat erməni cəmiyyətinə uzun illər ərzində təlqin olunubdur və onun simptomları bundan sonra da görünəcək”.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.