Süni intellekt texnologiyalarına artan tələbat fonunda böyük texnologiya şirkətləri yeni nəsil nüvə enerjisi layihələrinə ciddi maliyyə dəstəyi ayırmağa başlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, enerji tələbatının artması, xüsusilə məlumat mərkəzlərinin genişlənməsi fonunda şirkətlər daha sabit və uzunmüddətli enerji mənbələrinə yönəlir. Bu məqsədlə Meta, Amazon və Google kimi nəhənglər modul tipli yeni nüvə reaktorlarının inkişafına sərmayə qoyur.
Məlumata görə, Meta iki ədəd reaktorun maliyyələşdirilməsinə dəstək verib və eyni zamanda Oklo ilə Ohayo ştatında 1,2 GVt gücündə nüvə texnologiyası kampusunun yaradılması üzrə razılaşma imzalayıb. Amazon isə X-energy ilə əməkdaşlıq edərək 2039-cu ilə qədər ABŞ-da 5 GVt-dan çox gücə malik kiçik modul reaktorların istifadəyə verilməsini planlaşdırır. Google isə Kairos Power ilə ilk reaktorunu 2030-cu ilə qədər işə salmağı hədəfləyir.
Ekspertlərin fikrincə, texnologiya şirkətlərinin bu sahəyə daxil olması nüvə energetikasında maliyyə sabitliyini artırır və layihələrin reallaşdırılmasını asanlaşdırır. Bu addımlar banklar üçün də daha etibarlı investisiya mühiti yaradır.
Qeyd olunur ki, ABŞ-da elektrik enerjisinə tələbatın artması əsasən məlumat mərkəzlərinin genişlənməsi ilə bağlıdır. Bu şəraitdə kiçik modul reaktorlar daha çevik və maliyyələşdirilməsi nisbətən əlverişli alternativ kimi ön plana çıxır.
Bununla yanaşı, investorlar sektora maraq göstərsələr də, yüksək xərclər və gecikmə riskləri səbəbindən ehtiyatlı mövqe saxlayırlar. Mütəxəssislər hesab edir ki, texnologiya nəhənglərinin bu riskləri nə dərəcədə üzərinə götürməsi sektorun gələcəyini müəyyən edəcək.