AZ

Südabə Şirəliyeva: “Narkoloji arayış ailə institutunu gücləndirə bilər”

Milli Məclisin bugünkü iclasında deputat Göydəniz Qəhrəmanlı çıxış edərək nikah zamanı narkoloji arayışın da tələb olunmasını təklif edib. "Narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir" - deyə o bildirib.

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi və təşkilatının rəhbəri Südabə Şirəliyeva QHT.az-a açıqlamasında nikahdan əvvəl tibbi müayinələrə narkoloji arayışın da əlavə olunması ilə bağlı münasibətini bildirib.

S.Şirəliyevanın sözlərinə görə, Azərbaycanda nikahın rəsmiləşdirilməsi zamanı tibbi arayışın tələb olunması cəmiyyətin sağlamlığı baxımından mühüm addımdır və bu mexanizmə narkoloji müayinənin də daxil edilməsi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.

“Nikahın dağılmasının ümumi səbəblərindən biri narkotik asılılığıdır" – deyə Südabə Şirəliyeva bildirib. Onun sözlərinə görə, bir çox hallarda gənc ailələr nikahdan sonra həyat yoldaşının narkotik vasitələrdən istifadə etdiyini öyrənir və bu vəziyyət ailədaxili münasibətlərdə ciddi problemlər yaradır.

Müsahibimiz vurğulayıb ki, 2015-ci ildən etibarən Azərbaycanda nikahdan əvvəl tibbi müayinələr tətbiq olunur və bu yoxlamalar hemoglobinopatiyalar, beta-talassemiya, oraq hüceyrəli anemiya, HİV/AIDS və sifilis kimi xəstəliklərin aşkarlanmasına imkan verir. Bununla belə, o qeyd edib ki, “lakin evlənmək barədə son qərar cütlüyün özündə qalır".

Göydəniz Qəhrəmanlı tərəfindən irəli sürülən təklifə münasibət bildirən S.Şirəliyeva qeyd edib ki, narkotik vasitələrdən istifadə yalnız fərdin deyil, həm də ailənin, uşaqların gələcəyinin və ümumilikdə sosial sabitliyin zədələnməsinə səbəb olur.

Onun sözlərinə görə, belə bir addım düzgün tətbiq olunarsa, ailə institutunun daha sağlam təməllər üzərində qurulmasına xidmət edə bilər.

S.Şirəliyeva əlavə edib ki, narkoloji müayinə təkbaşına inzibati tədbir kimi deyil, kompleks yanaşma çərçivəsində həyata keçirilməlidir: maarifləndirmə işlərinin gücləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin təşviqi, eləcə də narkotik asılılığı olan şəxslər üçün müalicə və reabilitasiya imkanlarının genişləndirilməsi vacibdir.

O, həmçinin vurğulayıb ki, belə dəyişikliklər zamanı şəxsi məlumatların məxfiliyi və insan hüquqlarının qorunması əsas prinsiplərdən biri olmalıdır.

Müsahibimiz bildirib ki, bu cür mühüm qərarlar geniş ictimai müzakirələrdən sonra qəbul edilməlidir və müxtəlif sosial qrupların mövqeləri nəzərə alınmalıdır.

Sonda o qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən bəzi ərəb dövlətlərində nikahdan əvvəl tibbi və narkoloji yoxlamalar tətbiq olunur və “Sağlam ailə – sağlam cəmiyyətin əsasını təşkil edir”.

Fatimə Nəbiyeva

Seçilən
31
qht.az

1Mənbələr