Türkiyə xüsusi xidmət orqanları İsrailin İstanbuldakı konsulluğuna hücum edən şəxslərin kimliyini müəyyən edib. Terror aktını törədənlərin Yunus Emre Şarban və Onur və Enes Çelik qardaşları olduğu məlum olub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, atışma zamanı Çelik qardaşları yaralanaraq polis tərəfindən saxlanılıb, Şarban isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində Şarbanın hələ 2018-ci ildə İŞİD terror qruplaşması ilə əlaqələrdə və maliyyələşdirmədə şübhəli bilinərək cinayət məsuliyyətinə cəlb edildiyi üzə çıxıb. Həmin vaxt onun avtomobilində aparılan axtarış zamanı terror təşkilatına məxsus təbliğat materialları və hərbi ləvazimatlar aşkar edilmişdi. İslamisthn telefonunda isə İŞİD döyüşçüsü ilə silah alışı və “şəhidlik kəməri” vasitəsilə hücum planlarını müzakirə etdiyi yazışmalar tapılmışdı. Bütün bu təkzibolunmaz sübutlara baxmayaraq, o dövrdə hakim ona bəraət hökmü çıxarmış, Şarbanın yalnız bank əməliyyatlarına müvəqqəti məhdudiyyət qoyulmuşdu.
Konsulluğa hücum işi ilə bağlı daha 11 nəfər saxlanılıb. Onların arasında Şarban və Çelik qardaşlarının qohumları da var. Bu şəxslər hazırlanan hücumdan xəbərdar olub, hüquq-mühafizə orqanlarına məlumat verməməkdə şübhəli bilinirlər. Hadisədən dərhal sonra Türkiyə təhlükəsizlik qüvvələri ölkənin 34 əyalətində genişmiqyaslı əməliyyatlara başlayıb. Rəsmi qurumlar İŞİD ilə əlaqədə şübhəli bilinən 200-dən çox şəxsin saxlanıldığını bəyan edib.
Sara,
NOCOMMENT.az