Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatları davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar.
Onlardan tərkibinə zərərli maddələr əlavə edilmiş 42 kiloqram 235 qram marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırmalar nəticəsində saxlanılanların ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən, gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.
Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.