Avropa İttifaqına (Aİ) daxil olmayan səyahətçilər üçün yeni rəqəmsal sərhəd sistemi, yəni “Giriş/Çıxış Sistemi” fəaliyyətə başlayır.
“BBC” xəbər verir ki, yeni qaydaya əsasən, turistlər artıq pasportla yanaşı, barmaq izi və fotoşəkil də verməlidirlər. Sistem köhnə pasport möhürlənməsini mərhələli şəkildə əvəz edir, həmçinin təhlükəsizliyi artırmaq və sərhəd keçidlərini daha rəqəmsal etmək üçün tətbiq olunur. Lakin bəzi Avropa hava limanlarında uzun növbələr və gecikmələr qeydə alınıb. Sistemə əsasən, ilk dəfə daxil olan səyahətçilər biometrik qeydiyyatdan keçirlər, məlumatlar isə bir neçə il ərzində saxlanılır.
Bundan əlavə, Aİ 2026-cı ilin sonuna qədər “ETIAS” adlı onlayn səyahət icazə sistemini də işə salmağı planlaşdırır. Bu sistem vizasız səyahət edənlərdən əvvəlcədən onlayn icazə tələb edəcək. Qurumlar bildirirlər ki, yeni sistemlər uzunmüddətli perspektivdə sərhəd keçidlərini daha təhlükəsiz və səmərəli edəcək, lakin ilkin mərhələdə sıxlıq yarana bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”