AZ

Dövlət qulluğunda əlavə və mükafat sisteminin ləğvi nəyi dəyişəcək?

525.az saytına istinadən ain.az xəbər verir.

Məlum olduğu kimi, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilib. Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib. Sadə dildə desək, köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunub.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, burada əsas məqsəd büdcəyə qənaət etmək və sui-istifadə hallarının qarşısını almaqdır. Yəni maaşların konkret müəyyən olunmuş formada verilməsini təmin etməkdir: "Lakin əgər əvvəllər bəzi dövlət və büdcə təşkilatlarında çalışan şəxslər hər ay maaşları həcmində mükafat alırdılarsa və bu ödənişlər tamamilə ləğv ediləcəksə, onların maaşları artırılacaqmı? Əgər maaşlar artırılmasa, işçilərin çalışmağa marağı azalacaqmı? Bu dəyişikliklər korrupsiya hallarının artmasına və ya vətəndaşların incidilməsinə gətirib çıxara bilərmi? Suallar açıq qalır. Bu baxımdan yaxşı olardı ki, hökumət və aidiyyəti qurumlar rəsmi açıqlama versinlər. Dəyişikliklərin səbəbi nədir, kimlərə şamil olunacaq, maaş artımı olacaqmı, yoxsa olmayacaq? Hazırda rəsmi məlumatlar o qədər azdır ki. Dövlət qulluğunda çalışanların sayı, aldıqları mükafatların həcmi, bu ödənişlərin müntəzəmliyi (aylıq, yoxsa illik verilməsi) və ləğv olunan mükafatların maaşlara əlavə olunub-olunmayacağı kimi məsələlər açıq qalır. Bu sualların cavabı isə yalnız rəsmi qurumlardadır".

İqtisadçı ekspert Asif İbrahimovun sözlərinə görə, dövlət qulluqçularına ödənilən müxtəlif əlavələrin ləğv edilərək onların vəzifə maaşlarının baza hissəsinə daxil edilməsi rəsmi şəkildə əməkhaqqı sistemində struktur islahatı kimi təqdim olunsa da, bu addımın mahiyyəti daha dərindən təhlil edildikdə fərqli mənzərə ortaya çıxır: "Qeyd olunan əlavə və mükafatların ləğvi dövlət maliyyəsinin daha səmərəli idarə olunması istiqamətində müsbət addım kimi qiymətləndirilə bilər. Bu dəyişiklik ilk növbədə büdcə xərclərinin optimallaşdırılmasına və dövlət vəsaitlərinin daha prioritet sahələrə yönəldilməsinə imkan yaradır. Çoxkomponentli əməkhaqqı sisteminin sadələşdirilməsi idarəetmədə şəffaflığın artmasına, subyektiv qərarların və qeyri-rəsmi təsir mexanizmlərinin azalmasına xidmət edir. Bununla yanaşı, əlavələrin ləğvi dövlət qulluqçuları arasında əməkhaqqı bərabərliyinin təmin olunmasına müsbət təsir göstərir. Müxtəlif dövlət orqanlarında fərqli yanaşmalar nəticəsində yaranan qeyri-bərabərliklərin aradan qaldırılması vahid və ədalətli əməkhaqqı sisteminin formalaşmasına, nəticəyönümlü və müasir dövlət idarəçiliyi modelinə keçid üçün əlverişli zəmin yaradır. Mövcud yanaşma klassik islahat anlayışından daha çox fiskal optimallaşdırma tədbiri kimi qiymətləndirilməlidir"

Ekspertin fikrincə, təqdim olunan dəyişikliklərdə sadalanan bu elementlər aydın şəkildə müşahidə olunmur, əksinə, baş verən proses mövcud əməkhaqqı strukturunun sadəcə yenidən texniki konfiqurasiyası ilə məhdudlaşır: "Əgər nəticədə dövlət qulluqçularının ümumi aylıq gəlirlərində artım baş vermirsə və ya artım inflyasiya və yaşayış xərclərinin yüksəlişi fonunda real gəlir artımına çevrilmirsə, bu addımın sosial-iqtisadi effekti məhdud qalır. Dəyişiklik daha çox büdcə öhdəliklərinin uzunmüddətli idarə olunmasına xidmət edir. Xüsusilə nəzərə almaq lazımdır ki, əlavələr sistemi müəyyən mənada çevik maliyyə aləti rolunu oynayırdı. Onların ləğvi dövlət üçün gələcəkdə əməkhaqqı fondunu daha sərt və nəzarət edilə bilən çərçivəyə salır. Bu isə fiskal planlaşdırma baxımından üstünlük yaratsa da, işçi motivasiyası və fərdi performansa bağlı stimullaşdırma imkanlarını məhdudlaşdıra bilər".

Ekspertə görə, bu dəyişiklik pensiya və sosial sığorta ödənişlərinin baza maaş üzərindən hesablanması səbəbindən müəyyən müsbət effektlər də vəd edir: "Lakin bu effektlərin reallıqda nə dərəcədə hiss olunacağı birbaşa olaraq baza maaşların faktiki artım səviyyəsindən asılıdır. Əgər artım simvolik xarakter daşıyırsa, uzunmüddətli sosial təminat baxımından gözləntilər də məhdud qalacaq".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
525.az

1Mənbələr