Alimlər gözün zəif işıqda necə gördüyünü araşdırıblar.
“MediaXpress” portalı xəbər verir ki, tədqiqatın nəticəsinə görə, gözün tor qişasında yerləşən bəzi hüceyrələr bir-biri ilə daha sıx əlaqədə işləyir.
Alimlər bildiriblər ki, gözə daxil olan işıq əvvəlcə tor qişadakı xüsusi hüceyrələr tərəfindən qəbul olunur, sonra bu məlumatlar beyinə ötürülür. Əvvəllər düşünülürdü ki, rəng, kontrast və hərəkət kimi görüntü məlumatları ayrı-ayrı yollarla emal olunur. Lakin yeni araşdırma göstərib ki, bu hüceyrələr tam ayrı işləmir. Onlar elektrik siqnalları vasitəsilə bir-biri ilə əlaqə saxlayır və birlikdə işləyirlər. Bu birgəlik, xüsusilə, az işıqda və zəif görüntülərdə daha yaxşı görməyə kömək edir.
Tədqiqat zamanı alimlər “BC6” adlı xüsusi bir hüceyrə növünü də müəyyənləşdiriblər. Onların fikrincə, bu hüceyrə digər hüceyrələrin işini yönləndirən əsas “idarəedici” rolunu oynayır. Mütəxəssislər bildirirlər ki, bu kəşf gələcəkdə göz təzyiqi, görmənin zəifləməsi və gecə korluğu kimi göz xəstəliklərini daha yaxşı anlamağa və müalicə üsullarını inkişaf etdirməyə kömək edə bilər.
Araşdırma həm siçan, həm də insan gözündə aparılıb və nəticələr elm dünyasında mühüm yenilik hesab olunur.
Təhminə VERDİYEVA,
“Azərbaycan”