AZ

“Neftçi” ilə oyunda heç-heçə istəmirik, yalnız və yalnız qələbə!”

Ardıcıl 3 oyundur qələbələrə sevinən “Neftçi” ciddi sınaq qarşısındadır.

Bu dəfəki rəqib nə “Qəbələ”dir, nə “İmişli”, nə də “Sumqayıt”.

“Ağ-qaralar” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Son 3 ildə bu komandalar arasında keçən oyunların gərginliyi və qeydə alınan nəticələr 90 dəqiqənin “Neftçi” üçün çətin keçəcəyindən xəbər verir.

Ötən tur “Sabah”a 2:4 hesabı ilə uduzan Naxçıvan təmsilçisi “zona”dan uzaq düşməmək üçün qələbə iddasındadır.

“Qırmızı-ağlar”ın kapitanı Bəxtiyar Həsənalızadə Sportinfo.az-a matçla bağlı danışıb:

“Elə vəziyyət yaranıb ki, rəqibləri bir-birindən fərqləndirməməliyik. Çünki bundan sonra maksimum xallar toplamalıyıq.

Rəqib “Neftçi”dir, yoxsa başqası, fərq etmir. Hər oyun bizim üçün finala bərabərdir.

Bilirəm, “Neftçi” öz meydanında inamlı oynayır. Xüsusən son matçlarda qazanılan qələbələr əhval-ruhiyyəni yüksəldib.

Onları mübarizə əzmində üstələyə bilərik. Qalib gəlmək istəyiriksə, hər top uğrunda mübarizə aparmalı, şanslardan maksimum yararlanmalıyıq.

“Sabah”a qarşı ilk hissədə oynadığımız futbolu göstərsək, istədiyimiz nəticəni əldə edə bilərik. Və ən əsası, lazımsız səhvlər etməməliyik.

“Neftçi”ylə oyunda heç-heçəni düşünmürük, yalnız və yalnız qələbə. 3 xal bizə çox vacibdir”.

Aprelin 11-də “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

HƏBİB

Seçilən
20
sportinfo.az

1Mənbələr