AZ

TƏBİB-də hesabat iclası keçirildi

Şamaxı rayonunda Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası (Shamakhi rmx) arasında TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində birgə əməkdaşlığa dair imzalanmış “Əməkdaşlıq Memorandumu”nun 3 aylıq icra vəziyyətinə dair hesabat iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, TƏBİB-in İşə qəbul şöbəsinin müdiri Nəzrin Bayramlı, Respublika Klinik Xəstəxanasının direktoru Əlviz Qasımov, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev iştirak edib.

İclas zamanı layihənin icra müddəti ərzində əldə olunmuş nəticələr, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və gələcək fəaliyyət planları müzakirə edilib. 

Bildirilib ki, “Mentor Klinika” layihəsi regionlarda ixtisaslı tibbi xidmətlərə əlçatanlığın artırılması, yerli tibb heyətinin bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Üç ay ərzində layihə çərçivəsində Respublika Klinik Xəstəxanasının 64 həkimi tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasında 10 ixtisas üzrə 4 456 ambulator xidmət göstərilib, 42 cərrahi əməliyyat icra olunub, eyni zamanda 50 neonatal və 1358 radioloji xidmət həyata keçirilib.

Bu müddət ərzində kadrların inkişafı məqsədilə 5 seminar təşkil edilib, onlardan 2-si praktik formada həyata keçirilib.

Tədbirin sonunda layihənin davamlılığının təmin olunmasının və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr