AZ

“Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizi zamanın tələbidir  

Avrasiya İnkişaf Bankı “Mərkəzi Asiyanın energetikası: enerji keçidi və modernləşmə” adlı hesabat hazırlayaraq regionun enerji potensialını təhlil edib, alternativ enerjiyə keçidi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, hesabatda 2030-cu ilə kimi Mərkəzi Asiyanın enerjiyə tələbatının 40 faiz artacağı və 2035-ci ildə regionun tələbatının ödənilməsi üçün 62,8 giqavat həcmində enerjiyə ehtiyac yaranacağı bildirilib. Qeyd olunub ki, müasir dünyada süni intellektin inkişafı, elektromobillərin artması, yeni data mərkəzlərin yaranması və informasiya texnologiyaların müxtəlif sahələrinin inkişafı və bunların ictimai həyatın bütün sahələrinə sirayət etməsi dayanıqlı elektrik enerjisi tələb edir. Hazırda dünyada ənənəvi üsullarla yanaşı, alternativ enerji istehsalına da külli miqdarda sərmayə yatırılır. Bankın mütəxəssisləri qeyd ediblər ki, hazırda dünyada ənənəvi enerji istehsalından daha çox alternativ və bərpaolunan enerji sahəsinə 2 dəfədən çox sərmayə yatırılıb. Lakin enerji tələbatı onun istehsalını illər keçdikcə üstələyir.

Hazırda dünyada sürətli enerji keçidi həyata keçirilir. 2024-cü ilə rekord sayda Günəş və külək enerjisi stansiyaları tikilib istifadəyə verilib. Müxtəlif ölkələrin enerji keçidi siyasətinin təhlili onu göstərir ki, dünyada bu keçidə 2 yanaşma mövcuddur. Bunlardan biri mühafizəkar yanaşmadır ki, bu da yeniliklə yanaşı, köhnə istehsalın saxlanmasını labüd edir. Lakin bu, sistemli şəkildə köhnəlib və atmosferə karbon qazının tullantısını artırır. Kömür, torf, neft və qaz kimi enerji daşıyıcıları istehsalı və nəqli baha başa gəldiyi kimi, ekologiyaya da zərər vurur. İkincisi isə texnoloji yanaşmadır. Bunun tərəfdarı olanlar tez bir zamanda tamamilə alternativ enerjiyə keçid edib karbon emissiyasını sıfra endirmək istəyənlərdir. Lakin dünyanın heç də bütün regionlarının coğrafi mövqeyi, yerləşməsi, relyefi və hava axınlarının istiqaməti və günəşli günlərinin sayı eyni deyil, tamamilə fərqlidir. Mərkəzi Asiya bu baxımdan çox əlverişli coğrafi mövqeyə malikdir ki, bu da region dövlətlərinə alternativ enerji istehsalını artırmaq daxili tələbatı ödəmək və ixrac etmək imkanı verir. Alternativ və ənənəvi metodlarla birlikdə Mərkəzi Asiyanın 62.8 giqavat elektrik enerjisi istehsalı gücü var ki, bu da ildə 230 milyard kilovat-saat elektrik enerjisi hasilatı deməkdir.

Beləliklə, Azərbaycan, Özbəkistan, Qazaxıstanın və bu günlərdə Qırğızıstanın da yaşıl enerji dəhlizi layihəsinə qoşulmaq niyyətini bildirməsi təsadüfi xarakter daşımır. Azərbaycan tranzit ölkə olaraq özünün istehsal etdiyi enerji ilə yanaşı, Mərkəzi Asiyadan daxil olan enerjini də Avropaya ötürəcək. Bu strateji layihədə Azərbaycanın əsas yer tutur. Bu, onunla əlaqədardır ki, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar sırasında enerji infrastrukturu ilk yerlərdən birini tutur.

Bu gün Yaxın Şərqdə baş verən müharibə Avropanın enerji asılılığını göstərdi. Avropa bu layihənin texniki əsaslandırılması üçün vəsait ayırıb və gələcəkdə Xəzər və Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinin də maliyyələşməsində iştirak edəcəyini bildirib.

Göründüyü kimi, “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizi tam olaraq real bir enerji layihəsidir və onun iqtisadi səmərəsi ilə yanaşı, siyasi mahiyyəti də var. Bu da ondan ibarətdir ki, istər Avropa, istərsə də Şərqdəki dövlətlər Xəzər regionunda daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr