Qazaxıstanın Baş naziri Oljas Bektenov ABŞ-nin Qazaxıstandakı səfiri Culi Stafft ilə görüşündə ticari-iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsini və prioritet istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsini davam etdirmək niyyətini təsdiqləyib.
Bu barədə "Report"un Qazaxıstan bürosu ölkənin hökumətinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafını, həmçinin rəqəmsallaşma, süni intellekt və kosmik sənaye sahələrində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Görüşdə Bektenov və Stafft Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ABŞ-yə səfərinin yekunları üzrə əldə olunmuş razılaşmaların icrasının gedişatını nəzərdən keçirərək, Vaşinqtonda imzalanmış ümumi məbləği 17 milyard dollar olan 29 sazişin ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə təkan verdiyini qeyd ediblər.
Qazaxıstanın Baş naziri vurğulayıb ki, ölkələr arasında əməkdaşlıq dinamik inkişaf edir və ticari-iqtisadi əlaqələrin dərinləşməsinə kömək edən ən yüksək səviyyəli davamlı siyasi dialoqa əsaslanır.
Qazaxıstan Hökumətinin məlumatına görə, 2025-ci ilin yekunlarına görə ölkələr arasında əmtəə dövriyyəsi 3,19 milyard dollar, 2026-cı ilin yanvar-fevral aylarında isə 487,4 milyon dollar təşkil edib. ABŞ Qazaxıstan iqtisadiyyatının əsas investorlarından biri olaraq qalır. Ölkədə ABŞ-nin iştirakı ilə 600-dən çox şirkət fəaliyyət göstərir.
Danışıqlar zamanı tərəflər, həmçinin Qazaxıstanın yeni Konstitusiyasının əsasnamələrinin həyata keçirilməsi məsələlərini nəzərdən keçiriblər.
Bektenov vurğulayıb ki, Əsas Qanun siyasi sabitliyi möhkəmləndirir, dövlətin və cəmiyyətin ardıcıl inkişafı üçün möhkəm baza yaradır.