AZ

Yağışlar "makler evləri"ni gözdən və qiymətdən saldı

Son dövrlərdə Azərbaycanda, xüsusilə Bakı və ətraf qəsəbələrdə fərdi yaşayış evi adı ilə təqdim olunan “makler evləri”nin sayı nəzərəçarpacaq dərəcədə artıb. Sürətli tikinti və nisbətən əlçatan qiymətlər bu evləri alıcılar üçün cəlbedici etsə də, onların keyfiyyəti və hüquqi statusu ilə bağlı müzakirələr səngimir.

Əvvəllər əsasən qeyri-rəsmi şəkildə satışa çıxarılan bu tikililər indi müxtəlif sənədlərlə, o cümlədən “paket kupça” adı altında alıcılara təqdim olunur.

Bəs alıcılar aldanmamaq üçün nələrə diqqət etməlidirlər? 


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İH-nin  sədri, iqtisadçı Vüqar Oruc mövzu ilə bağlı Musavat.com-a  deyib ki, “makler evi” kimi tanınan yaşayış evləri əksər hallarda mövcud tikinti normativlərinə uyğun şəkildə inşa olunmur: 

"İlk növbədə bu evlər çox kiçik torpaq sahələrində tikilir ki, bu da həm komfort baxımından, həm də tikinti standartları baxımından uyğun hesab edilmir. Belə hallarda evi alan şəxs, demək olar ki, yalnız giriş hissəsində bir avtomobil yerlik sahə ilə kifayətlənməli olur. Əslində, bu tip tikililəri tam mənada fərdi yaşayış evi adlandırmaq da çətindir. Çünki həyət anlayışı demək olar ki, mövcud olmur, vətəndaşın əlavə abadlıq işləri aparmaq və ya həyət sahəsindən istifadə etmək imkanı məhdudlaşır. Bu evlər daha çox mənzil tipli, sıx yerləşmiş tikililər formasında inşa edilir".

Eksper deyib ki, bundan əlavə, tikinti prosesində ciddi texniki çatışmazlıqlar müşahidə olunur: 

"Çox vaxt su basma riskinə qarşı hidroizolyasiya işləri aparılmır, divarlar yalnız bir qat daşla hörülür. Mərtəbələrarası beton kəmərlərdən (armatur və beton konstruksiyalardan) istifadə olunmaması isə bu tikililəri zəlzələ və digər təbii təsirlərə qarşı dayanıqsız və təhlükəli edir. Tikintidə istifadə olunan materiallar da adətən ən ucuz və keyfiyyətsiz məhsullardan seçilir. Eyni zamanda, işə cəlb olunan ustalar da çox vaxt ən aşağı əməkhaqqı ilə çalışan şəxslər olur ki, bu da peşəkarlıq səviyyəsinin aşağı olmasına və nəticədə tikilinin keyfiyyətinin zəif olmasına səbəb olur".


Sabunçunu

Müsahibimizin fikrincə, ki, bu evlər daha çox tələsik mənfəət məqsədilə tikilir:

“Sahibkarlar xərcləri minimuma endirib maksimum qazanc əldə etməyə çalışırlar. Lakin evi alan şəxslər bir müddət sonra ciddi problemlərlə üzləşirlər – kanalizasiya sistemində nasazlıqlar, su borularında sızmalar, tikilidə tez aşınma və digər texniki qüsurlar ortaya çıxır. Bu tip evlərin alqı-satqısı da müəyyən risklər yaradır. Formal olaraq bəzi hallarda bu evlər üçün çıxarış və texniki pasportlar əldə edilir. Lakin bu sənədlərin verilməsi hər zaman tikintinin normativlərə tam uyğun olduğunu göstərmir və bəzən müxtəlif yollarla rəsmiləşdirilir.
Əslində fərdi yaşayış evlərinin tikintisinə nəzarət məsələsi daha ciddi yanaşma tələb edir. Bu sahədə əsas nəzarət mexanizmləri müvafiq dövlət qurumları, xüsusilə də fövqəladə hallar Nazrirliyinin tabeliyində olan qurumlar tərəfindən həyata keçirilməlidir. Tikinti prosesində vətəndaşlara müəyyən sərbəstlik verilsə də, təhlükəsizlik prinsiplərinə və normativ tələblərə riayət olunması mütləqdir.

Böyük çoxmərtəbəli binalarda dövlət nəzarəti nisbətən daha güclü olsa da, fərdi yaşayış evlərində bu nəzarət zəifdir və əksər hallarda tikinti prosesi yoxlanılmadan həyata keçirilir. Bu səbəbdən də mütəmadi monitorinqlərin aparılması, tikililərin yoxlanıldıqdan sonra qeydiyyata alınması gələcək problemlərin qarşısını almaqda mühüm rol oynaya bilər".

Digər bir mühüm məsələ isə mühəndis-kommunikasiya xətlərinə riayət olunmamasıdır: 

"Bəzi hallarda evlər kanalizasiya kollektorlarının, su və digər kommunikasiya xətlərinin üzərində inşa edilir ki, bu da sonradan ciddi problemlərə yol açır və həmin tikililərin qanunsuz olduğunu ortaya qoyur. Nəticə etibarilə, bu sahədə ciddi nəzarət mexanizmlərinin tətbiqinə ehtiyac var. Müvafiq qurumlar tərəfindən tikinti prosesinə nəzarətin gücləndirilməsi, vətəndaşların maarifləndirilməsi və normativ tələblərə əməl olunmasının təmin edilməsi gələcəkdə bu cür problemlərin qarşısını almağa kömək edə bilər”.

Afaq Mirayiq, 
Musavat.com

Seçilən
11
1
musavat.com

2Mənbələr