Fransanın mərkəzində yerləşən Şer departamentində müdafiə sənayesi ilə əlaqəli enerji obyektlərində bir neçə yanğın hadisəsi baş verib.
Day.Az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, La Şapel-Sen-Ursen kommunasında bir-birinə yaxın məsafədə yerləşən iki transformator səhər saatlarında yanıb.
Bu obyektlər Fransa ordusuna silah tədarük edən KNDS və MBDA şirkətlərini elektrik enerjisi ilə təmin edirdi.
Hadisədən qısa müddət sonra Sen-Dulşar kommunasında elektrik xətti dirəyinin də yandırıldığı məlum olub. Polis hadisə yerində hasarın zədələndiyini və kabellərin sıradan çıxarıldığını müəyyən edib. İlkin istintaq sonradan işin strateji əhəmiyyəti nəzərə alınaraq Paris prokurorluğuna verilib.
Faktla bağlı terror ehtimalı da daxil olmaqla araşdırma aparılır.