AZ

Qala divarlarının zədələnmə səbəbi açıqlandı AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən daxil olan məlumata əsasən, dünən səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik sahəsində aşınma müşahidə edilib. Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.Memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan Demokrat.az-a açıqlamasında bildirib ki, yağıntılı hava şəraitində tarixi tikililərdə daşların qopması, fasad elementlərinin aşınması və konstruktiv zəifləmə problemi təkcə Bakıya xas deyil:“Bu, ümumiyyətlə hidroloji təsirlərlə bağlı konservasiya problemi kimi bütün dünyada aktualdır. Problemin texniki səbəbi su daşın kapilyarlarına daxil olur, temperatur dəyişdikdə xüsusilə donma-ərimə dövründə genişlənir. Bu, mikroçatların böyüməsinə, nəticədə isə daşın qopmasına səbəb olur. Paralel olaraq duzlaşma, bioloji aşınma, eləcə də metal elementlərdə korroziya prosesləri baş verir. Nəticədə fasadın stabilliyi itir. Avropa təcrübəsinə, xüsusilə Venesiya nümunəsinə baxsaq, bu şəhər çox kritik vəziyyətdədir, çünki daimi su təsiri altındadır. Orada tətbiq olunan yanaşmalar arasında hidrofob örtüklər, daimi monitorinq sistemləri və restavrasiya deyil, konservasiya prinsipi  yer alır. “MOSE Project” kimi iri mühəndislik layihələri ilə şəhər səviyyəsində qoruma həyata keçirilir. İstanbul və digər şəhərlərdə tarixi abidələr üçün periodik texniki baxış sistemi mövcuddur. Restavrasiya işləri material analizi aparıldıqdan sonra həyata keçirilir, eyni tip daş və məhluldan istifadə olunur, drenaj sistemləri və suyun uzaqlaşdırılması prioritet hesab edilir. Dövlət nəzarəti isə çox sərtdir”.O deyib ki, Tbilisidə isə köhnə şəhər zonalarında vahid konservasiya strategiyası tətbiq olunur:“Fasadların təmizlənməsi, bərkidilməsi və suya davamlılaşdırılması mərhələli şəkildə aparılır. Turizm faktoru səbəbilə burada daha çox proaktiv yanaşma üstünlük təşkil edir. Bakıda əsas problem isə daha çox bundadır ki, reaktiv yanaşma (problem yarandıqdan sonra müdaxilə), sistemli monitorinqin zəif olması, bəzi hallarda qeyri-peşəkar təmir və orijinal materiala uyğun olmayan müdaxilələr var. Tarixi abidələrin qorunması təmir deyil, idarəetmə prosesidir. Şəxsən bir memar kimi təklifim budur ki, birinci məsələ preventiv sistemin qurulmasıdır. Rütubət sensorları, periodik texniki audit və risk xəritəsi hazırlanmalıdır. İkinci məsələ material yanaşmasının dəyişdirilməsidir. Üçüncü məsələ su idarəetməsidir. Son olaraq isə hüquqi və idarəetmə mexanizmidir. Əgər biz tarixi abidələri yalnız problem yarandıqdan sonra bərpa ediriksə, bu artıq gecikmiş müdaxilədir. Müasir yanaşma isə qabaqlayıcı konservasiya və davamlı monitorinq sistemlərinin qurulmasıdır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
demokrat.az

1Mənbələr